Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra andiçmə mərasimində çıxış edənlər Mülki müdafiə qoşunları heyəti sıralarına daxil olan gənc əsgərlərin andiçmə mərasiminin ölkəmizdə böyük qürurla qeyd edilən 8 Noyabr – Zəfər Gününə təsadüf etdiyini vurğulayıb, Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə gənc əsgərləri təbrik ediblər.
Qeyd edilib ki, Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan əzəli torpaqlarımızı cəmi 44 günə azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Bildirilib ki, bu ilin sentyabr ayının 19-dan başlayaraq Qarabağda həyata keçirilən, cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində respublikamızın suverenliyi tam bərpa olunub.
Çıxışlarda qeyd olunub ki, Mülki müdafiə qoşunlarının şəxsi heyəti nəinki ölkəmizdə, eləcə də ölkəmizin sərhədlərindən kənarda baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında fədakarlıqla xidmət göstərirlər.
Mərasimdə çıxış edən gənc əsgər Rəvan Bədəlov əsgər yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərinə, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkən insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə, verilən tapşırıqları sözsüz yerinə yetirəcəklərinə, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərinə söz verib.
Valideyinlər - Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik Rauf Əliyev, Vətən müharibəsi şəhidi Amal Əhmədovun anası Mehriban Əhmədova çıxışlarında bu günün valideynlər üçün çox qürurlu olduğunu qeyd edərək, bütün komandir heyətinə, övladlarının Vətənə layiqli xidmət göstərməsi üçün hazırlanmasında zəhməti olan hər kəsə öz minnətdarlığını bildiriblər.
Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içiblər.
Mərasim şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.