BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Seçkilərdə qazandığınız qələbə və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərin nəticələri Azərbaycan xalqının Zati-alinizin liderliyinə, eləcə də birliyi, tərəqqini və sülhü möhkəmləndirmək qətiyyətinə davamlı dəstəyini və inamını nümayiş etdirdi.
Bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi ilə bağlı hökumətin irəli sürdüyü müxtəlif təşəbbüslərdə, o cümlədən “Bakı Prosesi”ndə Azərbaycanın uzunmüddətli tərəfdaşı olmaqda davam edir. UNAOC 2024-cü ilin mayında Bakıda keçirilməsi nəzərdə tutulan 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq İşçi Qrupunun üzvüdür. Komandamız artıq proqram üzrə əsas məsləhətləşmələrə başlayıb və 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNAOC-u şəxsən təmsil etməyi, müzakirələrə qatılmağı və uğurlu nəticələr əldə olunmasına töhfə verməyi səbirsizliklə gözləyirəm.
UNAOC Xarici İşlər, Mədəniyyət nazirlikləri və Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəliyi ilə sıx əlaqədə işləyərək əməkdaşlığın və Azərbaycan hökuməti ilə birgə fəaliyyətin daha da möhkəmləndirilməsinə sadiq olduğunu bildirir.
Bu fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək ehtiramımı ifadə edirəm".
***
16:49
Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Bu seçkilərin yekunları Sizin ölkə vətəndaşları arasında danılmaz nüfuzunuzu, onların rəhbərliyinizlə fəal çalışmağa və strateji sosial-iqtisadi vəzifələri həll etməyə hazır olduqlarını göstərdi. Vətəndaşlarınız Sizə dövlətin taleyini və öz gələcəklərini etibar ediblər. Bu, hazırkı qlobal qeyri-sabitlik şəraitində xüsusilə qiymətlidir və Sizin güclü, təcrübəli dövlət xadimi, uzaqgörən, istedadlı siyasətçi kimi möhkəm nüfuzunuzun parlaq təsdiqidir. Sizə səmimi-qəlbdən böyük nailiyyətlər və Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişafı üzrə bütün strateji məqsədlərə nail olmağı, xalqınızın rifahı naminə davamlı fəal işinizdə enerji və ruh yüksəkliyi arzulayıram.
Ümidvaram ki, bizim birgə səylərimiz sayəsində Rusiya-Azərbaycan münasibətləri çərçivəsində Tatarıstan ilə Azərbaycan arasında ənənəvi qarşılıqlı faydalı əməkdaşlığın çoxtərəfli potensialı gələcəkdə də məhsuldar şəkildə həyata keçiriləcək. Əminəm ki, qardaş xalqlarımız arasında çoxplanlı sıx əlaqələr ümumilikdə sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə olan mühüm töhfədir.
Sizə möhkəm cansağlığı, uğurlar və səadət diləyirəm".
***
15:07
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı parlaq qələbə münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Bəhreyn Xəbər Agentliyi (BNA) məlumat yayıb.
Məlumatda bildirilib ki, Kral Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə Azərbaycan xalqının tərəqqi və firavanlıq arzularının reallaşması istiqamətində vəzifəsində davamlı uğurlar arzulayıb.
***
Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm İlham Heydər oğlu.
Bakıdan Moskvaya qayıdarkən Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə bir daha səmimi-qəlbdən təbrik etmək istədim.
MDB müşahidəçiləri missiyasının rəhbəri kimi növbəti dəfə ölkənizin vətəndaşlarının böyük əksəriyyətinin Sizə yüksək etimadının şahidi oldum.
Qəti əminəm ki, Sizin dövlət başçısı vəzifəsində fəaliyyətiniz gələcəkdə də Azərbaycan Respublikasının ardıcıl inkişafına, onun beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, həmçinin Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya proseslərinin dərinləşməsinə kömək edəcəkdir.
Fürsətdən istifadə edərək seçki kampaniyasına hazırlıq və seçkilərin keçirilməsinin bütün mərhələlərində səmərəli monitorinqi həyata keçirməyə imkan verən MDB müşahidə missiyasının fəaliyyəti üçün yaradılan əlverişli şəraitə görə minnətdarlığımı bildirirəm.
Prezident seçkilərində qələbəniz münasibətilə səmimi təbrik sözlərimə Sizə möhkəm cansağlığı, əmin-amanlıq və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləklərimi əlavə etmək istəyirəm".
***
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Binəli Yıldırımdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezidentim.
Fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi, qardaş Azərbaycan xalqına sülh və rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə keçirilməsi baxımından tarixi önəm daşıyan bu seçkilər Azərbaycan xalqının dəyərlərə bağlılığını, cəsarətini və müdrikliyini bir daha nümayiş etdirdi.
Zati-alinizə nailiyyətlər arzulayır, Uca Allahdan seçkilərin nəticələrinin Azərbaycan xalqı və bütün Türk dünyası üçün xeyirli olmasını diləyirəm".
***
14:44
Fevralın 9-da ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Teleqraf.com xəbər verir ki, ICESCO-nun Baş direktoru dövlətimizin başçısına prezident seçkilərində qələbə qazanması ilə bağlı təbriklərini və xoş arzularını çatdırıb, ona Azərbaycanın tərəqqisi naminə fəaliyyətində yeni uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin İslam həmrəyliyi işinə verdiyi töhfəni bir daha yüksək qiymətləndirib.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycanla ICESCO arasında uzun illər davam edən səmərəli əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
***
14:30
Gürcüstanın Baş naziri İrakli Kobaxidze fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
İrakli Kobaxidze İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
***
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Növbəti müddətə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə həvalə olunmuş ali vəzifənizin icrasında, ölkənizi və xalqınızı məqsəd və arzularına doğru aparmağınızda davamlı müvəffəqiyyətlər arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək ikitərəfli münasibətlərimizdən qürur duyduğumu, ölkələrimizin və xalqlarımızın rifahı naminə onu gücləndirmək və inkişaf etdirmək üçün birgə işimizi davam etdirmək niyyətində olduğumu və Fələstinin haqq işi ilə bağlı mövqeyinizə görə minnətdarlığımı bildirirəm.
Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizin və xalqınızın tərəqqisi və firavanlığı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".
***
13:38
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Emarat Al Youm” qəzeti məlumat yayıb.
Paylaşımda deyilir: “Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edir, ona Azərbaycanın daha da inkişafı naminə fəaliyyətində uğurlar arzulayıram. Ölkələrimizin və xalqlarımızın maraqları naminə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraqlar bazasının genişləndirilməsi məqsədilə onunla birgə işi davam etdirməyi səbirsizliklə gözləyirəm”.
***
13:21
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Xahiş edirəm, Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Bu, Prezident olaraq Sizin ötən illər ərzində Azərbaycan xalqı və dövləti üçün göstərdiyiniz xidmətdə qazandığınız uğurun sübutudur. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da hərtərəfli inkişaf etməkdə davam edəcəkdir.
Bu fürsətdən istifadə edərək fəal və konstruktiv ikitərəfli dialoqdan məmnunluğumu ifadə edir, həmçinin ölkələrimiz arasında uğurlu strateji tərəfdaşlığın gələcəkdə daha da inkişaf edərək dərinləşəcəyinə əminliyimi bildirirəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasını daha da inkişaf etdirmək, dost Azərbaycan xalqının rifahını yüksəltmək naminə ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mövcud olan möhkəm əlaqələri qeyd etməkdən məmnunam. Sizi əmin etmək istəyirəm ki, bu əlaqələri qarşılıqlı faydamız naminə genişləndirməkdə qətiyyətliyəm.
Mən qadir Allaha dua edirəm ki, qüdrətli ölkənizin inkişafı üçün göstərdiyiniz nəcib səylərinizdə Zati-alinizə uğurlar bəxş etsin.
Cənab Prezident, xahiş edirəm Sizə ən yüksək ehtiramımı qəbul edin".
***
Dünya Axıska Türkləri Birliyinin baş direktoru Ziyəddin Kassanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Sizi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu böyük zəfər təkcə bir seçkinin nəticəsi deyil. Bu, eyni zamanda ölkənizin demokratiyanın inkişafında mühüm uğurlarını və xalqınızın Sizə etimadını aşkar surətdə nümayiş etdirdi. Seçkilərin nəticəsi həm də Azərbaycan xalqının Sizin liderliyiniz ətrafında sıx birləşdiyini və parlaq gələcək üçün inamla irəlilədiyini göstərdi. Bu qələbə Azərbaycanın milli birliyini gücləndirməklə yanaşı, ölkənizin beynəlxalq aləmdəki rolunu daha da artıracaqdır.
Möhtərəm cənab Prezident, Siz hər zaman ölkənizin sabitliyi və inkişafı naminə çalışaraq öz qətiyyətinizlə fərqlənmisiniz. Seçkilərdəki mühüm qələbəniz münasibətilə Sizi Dünya Axıska Türkləri Birliyi və Azərbaycanda yaşayan yüz min axıska türkü adından ən səmimi hisslərimlə təbrik edir, prezidentliyinizin yeni dövründə Sizə böyük nailiyyətlər, Azərbaycana rifah dolu gələcək arzulayıram".
***
Moldovanın Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Çox hörmətli cənab Prezident.
Bütün qaqauz xalqı adından və şəxsən öz adımdan Sizə ehtiramımı bildirirəm və ölkənizin müstəqilliyi dövründə ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan xalqı tərəfindən Sizə göstərilən bu etimad yüksək peşəkarlığınızın və şəxsi keyfiyyətlərinizin, eləcə də ölkə əhalisi arasında qeyd-şərtsiz nüfuzunuzun təsdiqidir.
Uzun illər ərzində Siz özünüzü Azərbaycan xalqının mədəniyyətini və tarixini, milli maraqlarını qoruyub saxlayaraq, sosial-iqtisadi inkişafı təmin edərək ölkəni mütərəqqi inkişaf yolu ilə irəliyə aparan alicənab və müdrik lider kimi göstərmisiniz. Sizin səyləriniz nəticəsində bu gün Azərbaycan ən inkişaf etmiş ölkələrdən biridir və onun beynəlxalq miqyasda nüfuzu ildən-ilə artır.
Qardaş xalqlarımız arasında münasibətləri yüksək qiymətləndiririk və Qaqauziya Muxtariyyətinə diqqətinizə görə Sizə minnətdarıq. İnanırıq ki, gələcək əməkdaşlığımız müxtəlif birgə layihələrdə öz əksini tapacaq.
Çox hörmətli cənab Prezident, Sizə dərin hörmətimi bildirirəm, möhkəm cansağlığı, tükənməz enerji və yeni uğurlar arzu edirəm. Biz Sizi Qaqauz torpağında görməyə həmişə şad olacağıq.
Sizə və bütün Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm".
***
09:57
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasında 2024-cü il fevralın 7-də yüksək səviyyədə keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türk dövlətləri mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram.
Seçkilərdə Azərbaycan xalqının Sizin namizədliyinizi hərtərəfli dəstəkləməsi ölkənin ərazi bütövlüyünü tam bərpa etmiş və tarixi ədaləti bərqərar etmiş Ali Baş Komandanına və müdrik liderinə sonsuz inamının əyani təzahürüdür.
Zati-alinizin zəngin təcrübəsinin və müdrik siyasətinin yeni dönəmdə də Azərbaycanın tərəqqisinə və xalqın rifahına böyük töhfə verəcəyinə, TÜRKSOY ilə Azərbaycan Respublikası arasındakı məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin daha da genişlənərək inkişaf edəcəyinə inanıram.
Əminəm ki, beynəlxalq TÜRKSOY təşkilatının üzv ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və türk dünyasının ayrılmaz parçası olan Azərbaycanın zəngin mədəniyyətinin dünyada tanıdılması istiqamətində apardığı fəaliyyətlər bundan sonra daha geniş vüsət alacaqdır.
TURKSOY-a diqqətini və dəstəyini əsirgəməyən Zati-alinizi bu mühüm qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram".
***
ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer dövlətimizin başçısı İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Mark Şnayerin sosial şəbəkə hesablarında bununla bağlı etdiyi paylaşımda deyilir:
“Zati-aliləri Prezident İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik edirəm. Mən Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun, həmçinin dünyada birgəyaşayışın dayaq məkanına çevrilməsində müstəsna liderliyinə, İsrail Dövlətinə və Yəhudi xalqına göstərdiyi nümunəvi dəstəyə görə əziz dostuma heyranam”.
***
09:44
Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Edi Rama “X” sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.
Paylaşımda deyilir: “Əziz dostum İlham Əliyevə dost Azərbaycanın şəksiz lideri olmasının bir daha təsdiqlənməsi münasibətilə səmimi təbriklərimi çatdırıram. Çalışqan xalqı olan Azərbaycan sevimli ölkədir və onun rəhbərliyi ilə daha da irəliləyəcək. Tezliklə Bakıda Albaniyanın yeni səfirliyinin açılışında iştirak etməyi səbirsizliklə gözləyirəm”.