16 Sentyabr 2020 17:43
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zöhrab Mnatsakanyanın Misirdə etdiyi çıxışlar, verdiyi bəyanatlar təxribat xarakterli çıxışlar və bəyanatlar kimi qiymətləndirilməlidir. İlk növbədə onu demək istəyirəm ki, bu, Ermənistanın təkcə Azərbaycana deyil, bütün bölgəyə, o cümlədən xüsusilə Türkiyəyə qarşı sərgilədiyi təcavüzkar siyasətin məntiqi davamıdır.

Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda çıxışı zamanı Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, Mnatsakanyan və yaxud Ermənistanın digər bir rəsmi şəxsinin hansısa ölkəyə səfər etdiyi zaman orada imkan düşdükcə Azərbaycana və Türkiyəyə qarşı qarayaxma aparmaması mümkün deyil:

“Belə bir halın əksi hələ olmayıb. Nə vaxt ki, fürsət var, ermənilər öz təcavüzkar siyasətindən, qarayaxma kampaniyasından yararlanırlar. Bu da növbəti qarayaxma kampaniyasdır. Bunun əsas məqsədi Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı təcavüzkar siyasətini ört-basdır etmək niyyəti güdür. Məsələni elə qoyurlar ki, “zavallı erməni xalqı” təzyiq altındadır. Ancaq həmin “zavallı erməni xalqı” bu gün hansı siyasəti aparmaqdadır? Azərbaycan torpaqlarını 30 ildən artıqdır işğal altında saxlayırlar. Hər dəfə sülh danışıqlarında substantiv addım atmaq vaxtı gələndə onlar növbəti təxribatlara, hücumlara əl atırlar və yaranmış münbit şəraiti tamamilə pozurlar ki, sülh prosesi irəliləməsin və işğal olunmuş ərazilərin işğaldan azad olunması məsələsi gündəliyə gəlməsin”.

Xələf Xələfov qeyd edib ki, Ermənistanın bu gün yürütdüyü siyasət qonşulara qarşı tam ərazi iddialarına əsaslanan düşmənçilik siyasətidir:

“Bu siyasətin əsasında Türkiyəyə qarşı ərazi, uydurma soyqırım iddiaları, Gürcüstana qarşı ərazi iddiaları, Gürcüstanı daim təhdid altında saxlamaq dayanır. Bunlar Ermənistanın iç üzünü, Ermənistan siyasətinin mahiyyətini göstərən məsələlərdir. Düşünürəm ki, onu qəbul edən, bəyanatlarına qulaq asan ölkələr bu mahiyyəti yaxşı başa düşürlər. Onlar bilirlər ki, kim kimdir. Azərbaycan kimdir, Ermənistan kimdir. Azərbaycanın beynəlxalq siyasətdə, beynəlxalq birlik səviyyəsində çəkisi nədir, Ermənistanın çəkisi nədir. Ermənistan bu gün müstəqil dövlət deyil. Ermənistan kvazidövlətdir, müstəqil siyasət apara bilmir. Onlar ayrı-ayrı beynəlxalq qüvvələrin xarici siyasət və maraq instrumentidir və instrument kimi də bu gün fəaliyyət göstərir. Onlara nə deyirlərsə, qarşılarına nə vəzifə qoyulursa, onları yerinə yetirmək üçün bəyanatlar verir, çıxışlar edir və addımlar atırlar. Ona görə də mən düşünürəm ki, Ermənistanın bu siyasətinin qarşısı tezliklə Azərbaycan-Türkiyə həmrəyliyi sayəsində, dost dövlətlərin beynəlxalq səviyyədə bu istiqamətdə göstərdikləri səylər və həmrəylik çərçivəsində alınacaq. Mən tam əminəm ki, Azərbaycanın işğal olunmuş torpaqları yaxın vaxtlarda işğaldan azad olunacaq. Azərbaycan heç vaxt yol verə bilməz ki, onun ərazisi hesabına ikinci erməni dövləti yaransın. Biz heç vaxt yol verə bilərik ki, Azərbaycanın bir qarış torpağı belə Ermənistan tərəfindən ilhaq olunsun. Bu, mümkün olan iş deyil. Bu, Ermənistanın xülyasıdır”.

Qeyd edək ki, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Misirə səfəri zamanı Azərbaycana və Türkiyəyə qarşı təxribatçı fikirlər səsləndirib. O qeyd edib ki, Ermənistan Yunanıstanı və onların Kiprlə birliyini dəstəkləyir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər