“Qarabağda hərbi uğursuzluq işğalçı ölkədəki böhranı bir qədər də dərinləşdirəcək, bu, sonda Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb ola bilər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Ekspertin Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasındakı son döyüşlər haqda mövqeyi belədir:
“Ermənistan Baş naziri Nikol Paşinyan parlamentə müraciətində bildirib ki, müharibədən elə bu gün imtina etmək olar, amma bu, Qarabağın Azərbaycanın tərkibində muxtar qurum kimi qalmasına razılaşmaq demək olardı. Baş nazir deputatlardan mənfi cavab alıb.
Bu, artıq siyasi böhranın ilk əlamətlərindəndir. Qarabağda hərbi uğursuzluq isə həmin böhranı bir qədər də dərinləşdirərək, sonda Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb ola bilər”.
Ərəstun Oruclu bildirib ki, millətçi siyasi dairələrdə “Sorosun uşaqları” adlandırılan Paşinyan hökumətini məhz Qarabağı təhvil vermək üçün hakimiyyətə gətirilməkdə ittiham edirlər:
“Bu da o deməkdir ki, Qarabağda məğlubiyyət olacağı halda Ermənistanda millətçi-radikallar revanş götürəcəklər. Onların güc strukturları ilə birləşəcəyi də mümkündür. Millətçi-radikallar ABŞ-ın Qafqazı Türkiyəyə həvalə etdiyini, onun (Türkiyənin) əlilə Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istədiyini iddia edirlər.
Bu, Ermənistanda post-Paşinyan dövründə hakimiyyətin qatı Rusiyapərəst və anti-Qərb, anti-Türkiyə olacağına işarədir. Ermənistanda siyasi böhran bu gün həm də Azərbaycan üçün son dərəcə zəruridir”.