29 Sentyabr 2020 11:51
4 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Azərbaycandakı səfirliyi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində vəziyyətin kəsinləşməsinə dair BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasına münasibət bildirib.

Teleqraf.com-a bu barədə Almaniya səfirliyinin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin əməkdaşı Zaur Bəndəliyev danışıb.

Sözügedən ölkənin Azərbaycandakı səfiri Mixael Kindqrabın mövqeyini açıqlayan Z.Bəndəliyev deyib:

“BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması təşəbbüsü birbaşa Almaniya və Fransadan gəlib. Belçika, Böyük Britaniya və Estoniya bu təşəbbüsə dəstək verən ölkələr sırasındadır. Həmin iclasda hansısa bir qətnamənin qəbul edilməsindən söhbət getmir, bu, sırf bölgədəki son durumla əlaqədar məlumatlandırma xarakteri daşıyır.

Almaniya da BMT Təhlükəsizlik Şurasının üzvüdür. Almaniya Xarici işlər naziri Hayko Maas bu məsələyə daha çox maraq göstərdiyinə görə, Almaniya bu məsələdə təşəbbüskar kimi irəli çıxır”.

Rəsmi Berlinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi ilə bağlı suala səfirliyin əməkdaşı belə cavab verib:

“Bilirsiniz ki, Almaniya Bundestaqı (parlament) Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu mövqe dəyişməyib”.

Əlavə edək ki, bir neçə il əvvəl Almaniya Bundestaqında Dağlıq Qarabağ və ətraf ərazilərin erməni silahlı qüvvələri tərəfindən işğalına dair sənəd imzalanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər