30 Sentyabr 2020 17:50
2 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədaləti BMT-nin Təhlükəsizlik Şurasında axtarmaq lazım deyil, ədalət uğrunda mübarizə hazırda Ağdərə-Tərtər istiqamətində gedir. Bu mübarizəni güclü ordumuz və cəsur əsgərlərimiz öz canları bahasına aparır. BMT-nin Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün geniş səlahiyyətləri var. Lakin tarixi ədaləti, öz qətnamələrinin icrasını təmin etmir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsi üzvü Kamal Cəfərov bildirib.

Deputat deyib ki, ötən gün BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qapalı iclası keçirilib:

"BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri də Belçikadır. Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri kimi Belçikadakı həmkarım, deputat Tim Vandenputla video-formatda görüşümüz oldu. Ona Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü barədə geniş məlumat verdim. Həmkarım Tim Vandeput da söz verdi ki, BMT-nin Təhlükəsizlik Şurasının iclasından qabaq təqdim etdiyimiz geniş məlumatı yazılı formada Belçikanın xarici işlər nazirinə təqdim edəcək”.

Millət vəkili vurğulayıb ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri məcburi xarakter daşıyır və bütün dövlətlər tərəfindən yerinə yetirilməlidir:

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının çıxardığı 4 qətnamə (822, 853, 874 və 884) indiyə qədər kağız üzərində qalır. Halbuki, həmin qətnamələrin icrasını təmin etmək üçün BMT çox geniş səlahiyyətlərə malikdir. BMT Nizamnaməsinin 41-ci maddəsinə əsasən, qeyd edilən qətnamələrin icrası üçün BMT üzv ölkələrdən Ermənistana təzyiq göstərə bilərdi. Bu təzyiq iqtisadi, dəmiryol, dəniz, hava, poçt, teleqraf, radio və digər rabitə vasitələrinin tamamilə və ya qismən dayandırılması, diplomatik münasibətlərin kəsilməsi ilə bağlı ola bilərdi. BMT bu tədbirləri görə bilərdi, lakin etmədi və ya bacarmadı. Bunun əvəzində Ermənistanın hərbi-siyasi rəhbərliyi cəbhədə və siyasətdə sistemli təxribatlar etdi və etməkdədir. Ermənistanın müdafiə naziri yeni torpaqlar üçün müharibə çağırışı edir. Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır”, biz danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq. İndiyədək Ermənistanın cəbhə xəttində törətdikləri təxribatlar nəticəsində hərbçilərimiz və mülki əhalimiz şəhid olub. Bu BMT üçün kifayət deyildimi? Hətta BMT-nin 43 və 44-cü maddələrinə əsasən güc tətbiq etməklə beynəlxalq sülhün və təhlükəsizliyin təmin etmək səlahiyyəti var. Amma bütün bunların fonunda BMT ədaləti bərpa edə bilmədi”.

Deputat qeyd edib ki, bu gün biz tarixi ədaləti cənab Pezident İlham Əliyevin rəhbərliyi ilə bərpa edirik:

“Xalqımız əmindir ki, biz mütləq qalib gələcəyik, torpaqlarımız işğaldan tam azad olunacaq. Bu gün Azərbaycan vətəndaşları cəsarət göstərirlər, bütün hərbi hissələrimizdə ruh yüksəkliyi var.

Onu da bildirim ki, Ermənistanın cəbhə xəttində törətdiyi təxribata qarşı apardığımız mübarizə anti-terror əməliyyatıdır və beynəlxalq hüquq da ölkəmizin tərəfindədir. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən Təhlükəsizlik Şurası tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri olan tədbirlər görülənə qədər, Azərbaycan fərdi və ya kollektiv formada özünümüdafiə hüququnu tam həyata keçirə bilər. Ona görə də, Azərbaycanın mübarizəsi haqq mübarizəsidir və biz beynəlxalq hüquq çərçivəsində əks-hücum əmaliyyatları həyata keçiririk".


Müəllif: Tapdıq Qurbanlı