Bu gün şanlı ordumuzun şücaəti qarşısında davam gətirə bilməyən ermənilər ənənəvi xüsusiyyətlərini nümayiş etdirməyə başlayıblar və açıq şəkildə riyakarlıq edirlər. Çox təssüflər olsun ki, bir Avropa dövlətinin rəhbəri olan E.Makron da erməni riyakarlığına qoşulub. Onun Dağlıq Qarabağın işğal edilməsinə yol verməyəcəyik, açıqlaması heç bir siyasi məntiqlə uzlaşmır.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
Millət vəkili bildirib ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır:
”Ermənilər və onların havadarları da birmənalı şəkildə bilməlidirlər ki, beynəlxalq hüquqa əsasən Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Cənab Prezident İlham Əliyev tərəfindən də şəxsən Makronun özünə bu məsələ açıq şəkildə bildirilib.
İlham Məmmədovun sözlərinə görə, Fransa kimi böyük bir dövlətin rəhbəri bir yığın erməni lobbisinin əlində oyuncağa çevrilib:
“Fransanın bir Avropa dövləti olaraq belə bir duruma düşməsi təəccüb və təəssüf doğurur. Dünyaya az qala sivil qaydaların daşıyıcısı olduqlarını bəyan edən bir dövlətin rəhbərinin işğalçıya açıq dəstəyi başa düşülən deyil. Çünki bütün dünya birliyi, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın olduğunu qəbul edib. BMT Təhlükəsizlik Şurası bu ərazilərin işğalçı Ermənistan tərəfindən işğalını tanıyıb. Bununla bağlı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi mövcuddur. Eyni zamanda Avropa Birliyinin, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı konkret mövqeyi, bəyanatı mövcuddur. Bu gün Azərbaycan BMT-nin qərarlarına uyğun, bütün bəşəri dəyərləri rəhbər tutaraq öz ərazi bütövlüyünü təmin edir. Ona görə də, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi belə bir yanlış mövqe ortaya qoyması qəbul edilməzdir. Bu gün Ordumuz cəbhədə öz gücünü nümayiş etdirərək, ərazi bütövlüyümüzü təmin edir. Diplomatiya sahəsində də ciddi uğurlarımız təmin edilib. Artıq bütün dünya Azərbaycan ərazilərinin işğal faktını qəbul edib. Dövlətimizin apardığı hərbi əməliyyatların da məhz beynəlxalq birlik tərəfindən tanınan ərazimiz daxilində olduğunu qəbul edir”.
Deputat qeyd edib ki, bu gün mülki əhaliyə qarşı artilleriya silahlarından atəş açan işğalçı, təcavüzkar Ermənistan və ona havadarlıq edən E.Makron beynəlxalq məhkəməyə verilməlidir:
“Çünki döyüş vaxtı mülki əhalinin düşünülmüş hədəf kimi seçilməsi müharibə cinayəti hesab olunur. Amma nədənsə, bu gün Avropa dəyərlərini özünün ali iradəsi kimi qəbul edən Fransa dövləti və onun rəhbərliyi bu faktları görməzdən gəlir".