5 Oktyabr 2020 09:54
1 888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev "Əl-Cəzirə" telekanalına verdiyi müsahibəsində bir sıra olduqca vacib məqamlara toxunub. Bunlardan biri Ermənistanın Azərbaycan ərazilərini daim işğal altında saxlamaq istəməsi və status-kvonun dəyişilməsindan yana olmaması ilə bağlıdır.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan bu münaqişəni regional münaqişəyə çevirmək istəyir:

“Əgər sən işğal etdiyin torpaqlardan çıxmırsansa, bu, o anlama gəlir ki, faktiki olaraq beynəlxalq hüququ heçə sayırsan, beynəlxalq təşkilatların qərar və qətnamələrini yox hesab edirsən. Beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul edib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında da eyni məzmunlu qətnamə qəbul olunub. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar da Ermənistan qoşunlarının işğal altında olan ərazilərdən çıxmasını tələb edən qətnamələr qəbul ediblər. Lakin bunların heç biri Ermənistana kifayət etmir”.

Yusif Bağırzadə bildirib ki, ikinci vacib məsələ Ermənistanın faktiki olaraq danışıqlar prosesini bloklaması ilə bağlıdır:

“Cənab Prezidentin də qeyd etdiyi kimi həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk Qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Bütün bu illər ərzində aparılan müzakirələr və danışıqlar məhz Ermənistanın destruktiv davranışlarının nəticəsində hər hansı bir müsbət irəliləyişə gəlməyə imkan verməyib. Son iki ildə “inqilab”dan sonra Ermənistanın nə bəyan etdiyinə nəzər salındığında görünür ki, onlar həmişə yeni müharibəyə başlamağı hədəfə alıblar ki, bunun da arxasında danışıqlar prosesinin tamamilə pozulması dayanıb. Bir-birinin ardınca törədilən təxribatlar, iyulun 12-də münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərə və hərbi mövqelərə hücum etmələri, Ermənistan baş naziri Paşinyanın “Qarabağ Ermənistandır” tipli sərsəm bəyanatları, danışıqlar formatının dəyişdirilməsinə edilən cəhdlər, eləcə də Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması dediklərimizin ən bariz nümunəsidir. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistanın bütün fəaliyyəti məhz danışıqlar prosesinin pozulması ilə bağlı olub və bunun üçün çoxlu sayda cəhdlər edilib.

Prezidentin üzərində xüsusi dayandığı ən vacib məsələlərdən biri də beynəlxalq qurumların fəaliyyətsizliyi ilə bağlıdır. Baxın, 28 ildir aparılan danışıqlar zamanı yuxarıda sadaladığım qətnamələrin icrasıla bağlı hər hansı bir addım atılmayıb. Əgər bunun əsas səbəblərindən biri Ermənistanın destruktiv mövqeyidirsə, digər səbəbi də vasitəçilər tərəfindən təkid edilməməsi və təzyiq göstərilməməsidir. Münaqişənin həlli üçün hüquqi çərçivə var. Lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin göstəricisidir".

Politoloq qeyd edib ki, digər vacib məsələ Ermənistan bu münaqişəni regional münaqişəyə çevirmək istəyi ilə bağlıdır:

“Biz Azərbaycan olaraq bu münaqişənin regional münaqişəyə çevrilməsinin qəti olaraq əleyhinəyik. Ermənistanın bu gün apardığı təbliğat Azərbaycana guya hansısa xarici ölkələrin dəstək verməsi ilə bağlıdır. Əslində Ermənistan özü də kifayət qədər yaxşı bilir ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün hər hansı bir kənar qüvvəyə, bu və ya digər dəstəyinə ehtiyacı yoxdur. Ordumuzda kifayət qədər əsgər var, ehtiyatımız kifayət qədərdir. Bu gün on minlərlə insanımız döyüşə girmək üçün can atır və orduya çağırılacağı günü gözləyir.

Bunu ermənilər də, onların havadarları da kifayət qədər yaxşı bilirlər. Sadəcə aparılan təbliğat ancaq və ancaq ona hesablanıb ki, nəyin bahasına olursa olsun, digər dövlətlər prosesə cəlb olunsun və Ermənistana dəstəyə gəlsinlər. Başqa sözlə, əsas hədəf bu münaqişəni regional münaqişəyə çevirməkdir. Lakin bunun baş verməsi mümkün deyil. Çünki regionumuzda təhlükəsizlik bütün region ölkələrinin maraqlarına xidmət edir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər