30 il bir igidin ömrüdür, biz bu günü həsrətlə gözləmişik. Həsrətlə o torpaqlara baxmışıq. Ölkəmiz, xalqımız indi qələbəni sevinclə qeyd edir. Xalqımızla yanaşı şəhidlərimizin də ruhu bu gün sevinir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova deyib.
Əslən Xocalıdan olan millət vəkili doğma torpaqlara qayıdacağı zaman ilk olaraq qəbiristanlığı ziyarət edəcəyini bildirib:
“Şirin Mirzəyev Xankəndidə Azərbaycan qəbiristanlığını gəzmişdi, danışırdı ki, ermənilər orada bütün baş daşlarını sındırmışdılar. Hətta atasının baş daşından bir hissə qoparıb gətirib, Kərkicahanda bacısının evinə qoymuşdu.
Biz torpaqlarımızın həsrətini çəkdiyimiz kimi, o torpaqlar da bizim ayaq səslərimizi eşitmək istəyir. Allah ordumuzu qorusun, inşallah, zəfər xəbərlərimizin sayı çox olsun. Gözləyirik ki, ordumuz torpaqlarımızı son qarışına kimi azad edəcək. Ermənilər illərlə bizə dağ çəkib, indi onun qisası alınır.
Onların çox təxribatçı bəyanatlarına, işğal olunmuş torpaqlardakı qeyri-qanuni hərəkətlərinə, kəndlərimizin, şəhərlərimizin adlarını dəyişdirmilərinə dözməli olmuşuq. İllərlə içimizdə yığılan o nifrət bizə güc verir. Allah Ali baş komandanımıza da güc versin. Əgər bu zəfərdə bizim qalibiyyətimizin bir səbəbkarı Azərbaycan ordusudursa, birinci səbəbkarı prezidentimizin qətiyyətli, cəsarətli qərarları, çıxışlarıdır. Mən ona minnətdarlığımı bildirirəm. Əsl qəhrəmanımız elə prezidentimizdir ki, ermənilərin on illərlə çəkən yalanlarını ifşa edir və onlara dərs verir...”