9 Oktyabr 2020 16:17
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suqovuşanın ermənilərin işğalı altında olması uzun illərdir Azərbaycanın bir çox ərazilərində su təminatında çətinlik yaratmışdı. Dövlətimiz məcburi olaraq həmin ərazilərdə subartezian quyularının qazılması üçün əlavə vəsaitlər ayırırdı. Bununla da ətraf ərazilərin həm suvarma suyuna, həm də içməli suya olan tələbatını təmin etməyə çalışırdı. Suqovuşanın işğaldan azad olunması bu ərazilərdə həm su qıtlığının aradan qaldırılmasına, həm kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə, həm də ekoloji tarazlığın bərpa edilməsinə təminat yaradıb”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində Suqovuşan kəndi düşmən işğalından azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub:

“Artıq üç rayonumuza Suqovuşan su anbarından su verilməkdədir. Bu isə həmin ərazilərdə kənd təssərrüfatı təyinatlı torpaqlardan lazımi nəticənin əldə olunması üçün səmərəli istifadə edilməsini təkmilləşdirəcək. İşğala son qoyulandan sonra bu ərazilər tam şəkildə suvarılma suyu ilə təmin olunacaq, nəticədə məhsuldarlıq artacaq. Ölkəmizin kənd təsərrüfatının inkişafında bu ərazilərin xüsusi töhfəsi var. Ümumiyyətlə, Qarabağ torpaqları bərəkətli torpaqlardır. Burada suvarılma suyunun vaxtında çatdırılması məhsuldarlığın da artmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, Suqovuşan su anbarı Tərtər rayonu Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşir. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarı 28 il ərzində işğal altında olub.

Əlavə edək ki, Suqovuşan kəndi 2020-ci il oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər