Status-kvonun dəyişməsi münaqişədə əldə edilən ən böyük uğurlardan biridir. Bu, münaqişədə yeni reallıqlar yaradır. Əgər 30 ilə yaxın aparılan danışıqlar yalnız status-kvonun saxlanmasına xidmət edirdisə, artıq vəziyyət dəyişib. İndi həm Ermənistan, həm də Minsk Qrupu həmsədrləri bu reallıqları qəbul etməli və real danışıqların vacibliyini dərk etməlidir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
O qeyd edib ki, ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını uğurla və şərəflə davam etdirib: “Dövlət və millət olaraq torpaqlarımızın azad olunmasında israrlıyıq və kimlərinsə xalqımızı bu missiyadan döndərməsi mümkün deyil. Çünki qarşımızdakı düşmən ölkə terror ölkəsidir, terrorçunun başa düşdüyü dil isə güc dilidir. Atəşkəs razılaşmasının imzalanmasına baxmayaraq, Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam etdirməsi, mülki əhalinin hədəf alması onların faşist sifətlərini ortaya qoyur və bir daha onu göstərir ki, bu terrorçu ölkə nə imzasına, nə də beynəlxalq hüquqa və öhdəliklərinə sadiq deyil.
Ermənistan da, onların havadarları da, ATƏT Minsk Qrupu üzvləri və bütün beynəlxalq ictimaiyyət də bilməlidir ki, razılaşdırılan atəşkəs müvəqqəti xarakter daşıyır və bu, sülh sazişi deyil. Başqa sözlə, Ermənistan, cənab prezidentin də qeyd etdiyi kimi, verilən bu fürsətin son fürsət olduğunu dərk etməli və torpaqlarımızda olan hərbi birləşmələrini geri çəkməlidir.
Əgər bu baş verməyəcəksə, atəşkəsi fürsət bilib xarici dəstək axtarmağa və yeni silahlar əldə etməyə davam edəcəksə, bunun acı nəticələrini də hiss edəcək.
Prezidentin də vurğuladığı kimi, Azərbaycanın beynəlxalq aləmdən elə bir gözləntiləri yoxdur. Çünki beynəlxalq aləm illərdir ki, bu münaqişəni fərqli tərzdə təqdim etməyə, həqiqətləri pərdələməyə üstünlük verib”.