26 Oktyabr 2020 09:41
3 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubadlının işğaldan azad olunması təkcə qubadlıların sevinci deyil. Doğma yerləri görmək insanı təsirləndirir. Azad olan bütün torpaqlar hamısı bizimdir, hamısı doğmadır.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Xalq şairi Ramiz Rövşən deyib.

Onun sözlərinə görə, bu hadisələr bizə özümüzü yenidən tanıdır:

“Yatan gücümüzü gördük. Eyni zamanda dünyanı tanıdıq, ikili münasibətlərin şahidi olduq. Zəngilanın Mincivan kəndi işğaldan azad olunanda Qubadlının havası üzümə dəydi. Biz Qubadlıya gedəndə həmişə Mincivan kəndindən keçirdik. Hətta torpaqlar azad olunandan sonra yazdığım bir şeirim var idi:

"İstəyir yüz qatar versin səs-səsə,

Hansına deyim ki, gəl apar məni?!

Əgər Mincivandan keçməyəcəksə,

Nəyimə lazımdır o qatar mənim?"

İndi qatarlar Mincivandan keçəcək, həmin yollar bizi Qubadlıya da aparacaq. Çox sevinirəm. Təbii ki, bu qələbələr uğrunda şəhid olanlarımız var. Şükür Həmidov kimi çox igid, cəsarətli milli qəhrəmanımız şəhid oldu. Nə qədər kədərli olsa da, amma Qubadlını gördü, ruhu şad olsun.

Avqustun 31-də Qubadlının işğal günüdür, o gün mən dedim ki, Qubadlının azad olunan gününü görək. Belə tez görəcəyimizə ümidim yox idi. İnternetdə görmüşdüm, Qubadlıdan olan bir uşaqdan soruşurlar ki, böyüyəndə nə olmaq istəyirsən? Uşaq demişdi, böyüyəndə qubadlılı olmaq istəyirəm. Demişdilər, bəs indi nəsən? Demişdi indi sumqayıtlıyam. Mən o uşağı təbrik edirəm ki, qubadlılı olmaq imkanı qazandı və inşallah, Qubadlı ilə yanaşı digər işğaldan azad olunan torpaqlarımızı da görəcəklər. Bu, böyük sevincdir”.

Ramiz Rövşən mənfur düşmənin mülki insanları hədəfə almasından da söz açıb: “Ermənistanın münasibəti hansı xristian dəyərlərinə sığır ki? Xristian dəyərində deyilir ki, yaxınını özün kimi sev. Ermənistanın Azərbaycandan yaxını yoxdur. İkincisi isə yaxınını özü kimi sevən insan Gəncəyə raket atıb, körpələri öldürərmi? Hesab edirəm ki, o dəyəri nəzərə alan savaş yoxdur.

Nə qədər mümkündürsə, torpaqları işğaldan azad etməliyik. Erməni mifi deyil, erməni hiyləgərliyi deyirlər. Mən dəfələrlə demişəm, hiyləgərlik əqli keyfiyyət deyil, əxlaqi keyfiyyətdir. Biz həmişə haqlı olmuşuq. İndi isə həm haqlı, həm də güclüyük. Haqq qalib gəlir. Həqiqət də, güc də bizim tərəfimizdədir”.


Müəllif: Aysel Azad