26 Oktyabr 2020 10:33
37 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənubi Qafqazda Rusiyanın edə bilmədiyini ABŞ-ın edəcəyini gözləməyə dəymir”.

Teleqraf.com xəbər verir ki, bunu ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Hərəkat rəhbəri ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinə müdaxilə cəhdlərindən danışıb:

“Bu dəfə də Tramp tərəfləri atəşkəsə çağırdı. Ermənilərin ABŞ-da əli uzundur, görünür, Pompeodan istədiklərini ala bilmədikdən sonra daha yuxarıya çıxış tapa bildilər. Trampa Tvitterdə bunları yazdırmağa nail oldular:

“Mən gecəyarısı qüvvəyə minən atəşkəsə riayət edilməsinə razılıq verən Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirəm. Çoxlu insanın həyatı xilas olacaq. Komandamla fəxr edirəm”.

Bu tvitdən açıq görünür ki, mesaj daha çox seçkidə ermənilərdən səs almaq üçün verilib. ABŞ-da seçkiyə bir həftə qalır. Bu həftə ən kritik həftədir, həm Trampın, həm də Baydenin yeganə marağı noyabrın 3-ə təyin olunan seçkini nə yolla olur-olsun udmaqdır. Bunu onların arasında keçirilən final debat da çılpaqlığı ilə göstərdi.

Rusiya və Fransadan sonra eyni məzmunlu çağırışın ABŞ-dan gəlməsi məsələni bir az da qəlizləşdirir. Amma Cənubi Qafqazda Rusiyanın edə bilmədiyini ABŞ-ın edəcəyini gözləməyə dəymir. Xüsusilə də Rusiyadan gözləntiləri doğrulmayan Ermənistanın istədiyini Qərbdən alması Putin hakimiyyətinin marağında olmayacaq.

Azərbaycana gəlincə, xilaskar ordumuz ermənilərin atəşlərini cavablandırmaq məcburiyyətində qalacaq. Ona görə də atəşkəsə nail olunacağına inanmıram”.

Qubad İbadoğlu xatırladıb ki, Qarabağ müharibəsi tarixində 15 dəfədən çox atəşkəs razılaşması olub:

“Yalnız iki dəfə - 1994-cü il may və 2016-cı il aprel aylarında atəşkəsə əməl olunub. Hər ikisində də Azərbaycan tərəfi birtərəfli qaydada atəşi dayandırıb, qalan vaxtlarda isə atəşkəsi həmişə ermənilər pozub.

Növbəti danışıqlar oktyabrın 29-da olacaq. Həmin gün Cenevrədə Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək.

Bu arada bir sıra ABŞ siyasətçisinin Ankaraya Azərbaycana dəstəyi ilə əlaqədar sanksiya tətbiq etmə təhdidlərinə toxunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə Azərbaycana dəstəyinə görə tətbiq edilə biləcək ABŞ sanksiyalarından qorxmur. O çıxışını belə yekunlaşdıırb: “Ankaraya təzyiq Türkiyənin artan nüfuzunun nəticəsidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər