Ermənistan tərəfi noyabrın 8-də cəbhədə gedən döyüşlər zamanı itirdiyi hərbçilərin daha bir qisminin siyahısını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, siyahıda işğalçı ordunun 44 hərbi qulluqçunun adı, soyadı və təvəllüdü əks olunub.
Bununla da Ermənistan hərbi-siyasi rəhbərliyi hərbi əməliyyatlar başlayan andan indiyədək rəsmən 1244 hərbçi itirdiyini etiraf etmiş olub.
Eyni zamanda Ermənistan tərəfinin canlı qüvvə sarıdan ciddi itkilərlə üzləşdiyi və onların boşalan yerlərini komplektləşdirməkdə çatışmazlıqla üzləşdiyi bu gün açıqlanan siyahıdan bir daha aydın olur. Artıq heç kimə sirr deyil ki, düşmən müvafiq yaş həddində çağırışçı tapa bilmədiyi üçün döyüşə yaşlı insanları cəlb edir. Elə bu gün açıqlanan siyahıda 1960-cı il təvəllüdlü (könüllü Martun Papişeviç Avetisyan), 1964-cü il təvəllüdlü (Artur Surenoviç Qalstyan), 1956-cı il təvəllüdlü (ehtiyatdan çağrılan Gennadi Georgiyeviç Adamyan) və 1952-ci il təvəllüdlü (ehtiyatdan çağrılan Qaqik Avetisoviç Qabrielyan) şəxslərin olması bundan xəbər verir.