Müharibə ölkəmizin tam və qəti qələbəsi ilə başa çatdı. Bu qələbənin üç qəhrəmanı var. Birincisi Ali Baş Komandandır. Onun həyata keçirdiyi siyasət nəticə etibarilə Azərbaycanı son dərəcə gücləndirdi. İlk növbədə ölkə başçısı iqtisadiyyatımızı gücləndirdi, müstəqil etdi, şaxələndirdi. Nəticə etibarilə bizim həm də iqtisadi müstəqilliyimiz təmin edildi. Heç bir dövlətdən, heç bir maliyyə bazarından asılı olmadıq.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, iqtisadiyyatımızın güclənməsi sayəsində Ali Baş Komandan güclü ordu formalaşdıra bildi:
"Elə bir ordu ki, dünyanın ən müasir silahları ilə təchiz olunub, ən müasir texnologiyalara malikdir. Ən başlıcası isə böyük döyüş ruhu var, yüksək vətənpərvərlik hissi ilə yaşayıb, tərbiyə alıb. Eyni zamanda hərbi sənaye kompleksi formalaşdırdı. Bu gün Azərbaycanda 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Ölkəmizdə səfərbər olmuş cəmiyyət var, vətəndaş həmrəyliyi hökm sürür. Vətəndaş birliyinə qədər böyük, məşəqqətli yol keçmişik. Bu gün ölkəmizdə xalq-hakimiyyət birliyi var. Xalq öz Prezidentinin ətrafında birləşib və Prezident də xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir. Diplomatik və informasiya cəbhəsində Azərbaycanın mövqeyi kifayət qədər güclənib. Azərbaycana dünya miqyasında etibarlı tərəfdaş kimi baxılır. Azərbaycan müstəqilliyinin 20-ci ilində dünyanın beynəlxalq, ən universal təşkilatı olan BMT-nin və onun şurasının daimi üzvü seçildi. Bu gün dövlətimiz BMT-dən sonra say tərkibi baxımından ikinci yerdə olan, dünyanın ən böyük digər beynəlxalq təşkilatı "Qoşulmama hərəkatı"na sədrlik edir. Bu, bizim gücümüzün, potensialımızın, imkanlarımızın göstəricisidir. Bütün bu reallıqlar fonunda Azərbaycan ordusu düşmən üzərində zəfər çalıb. Ermənistan dövləti, onun hərbi maşını darmadağın edilib".
Millət vəkili bildirib ki, bugünkü məğlubiyyətə görə bütün məsuliyyət Ermənistanın siyasi, hərbi rəhbərliyinin üzərinə düşür:
"Onların aqressiv davranışı, təxribatçı hərəkətləri münaqişəni labüdləşdirdi. Bu gün Azərbaycan Prezidentinin diqtə etdiyi şərtlər qəbul edilir. Prezidentimiz 30-a qədər dünyanın ən nüfuzlu KİV-nə nəyi söyləyirdi? Deyirdi ki, "Biz münaqişəni dinc yolla həll etmək istədik, ancaq məlum oldu ki, bizi aldadırlar. Əslində isə status-kvo vəziyyətini qoruyub saxlayırlar. Biz hərbi yolu seçməyə məcbur olduq və bu yolla da münaqişəni həll edirik. Biz münaqişənin siyasi yolla həllinə hər zaman hazırıq. Bir şərt daxilində, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, Ermənistan Azərbaycandan işğalçı qüvvələrini çıxarmalıdır və Ermənistan azad edəcəyi torpaqların qrafikini təqdim etməlidir. Diqqət edin, 10 noyabrda imzalanan üçtərəfli bəyanatda da məsələlər məhz bu cür qoyulub. Dekabr ayının birinə qədər də torpaqlarımız işğaldan azad olunacaq. Bu, sözün həqiqi mənasında tarixi qələbədir, Noyabrın 8-də Şuşanın azad olunması misli görünməmiş tarixi zəfərdir. Bizim qürurumuz özümüzə qayıtdı, başımız dik dayandı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün fəxarət hissi keçiririk. Bütün qazanılan uğurlara görə ilk növbədə Ali Baş Komandana minnətdarıq. Müzəffər ordumuza minnətdarıq. Şəhidlərimizin qarşısında baş əyirik. Allah qazilərimizə can sağlığı versin. Bu qələbənin qəhrəmanı Azərbaycan xalqıdır. Mən bu gün qalib ölkənin millət vəkili olaraq danışıram".