Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üçün birgə mərkəzin qurulması haqqında razılığa gəliblər. Onun personalı hər iki ölkədən bərabər sayda olacaq.
Teleqraf.com xəbər verir ki, bunu çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
“Rusiya Federasiyası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-də imzalanan memoranduma uyğun olaraq atəşkəsə və bütün hərbi hərəkətlərə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yerləşdirilməsi və funksiyaları barədə razılıq əldə edilib. Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Birgə mərkəzin təşkilati strukturunda rus və türk personalının sayı bərabər olacaq”, – deyə o bildirib.
Bundan əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi atəşkəsə nəzarət etmək üçün Dağlıq Qarabağda birgə monitorinq mərkəzinin yaradılması ilə bağlı Rusiya ilə saziş imzalandığını açıqlamışdı.