Cənab Prezident İlham Əliyevin işğadan azad edilmiş ərazilərimizə növbəti səfəri bir çox mühüm mesajların verilməsi ilə yadda qaldı. Hər şeydən əvvəl dövlət başçısı açıq şəkildə bildirdi ki, əgər bu ərazilər ermənilərin olubsa, onlar niyə buraları dağıdıblar? Daş üstündə, daş qoymayıblar, xristian albanlara aid olan kilsələri də saxtakarlıqla özününküləşdiriblər.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
Tarixçi alim bildirib ki, ermənilər saxtakarlıq edə bilmədiyi abidələri isə tövləyə çeviriblər: “Sanki vəhşi bir qəbilə kimi hər şeyi süpürüb aparıblar”.
Musa Qasımlı qeyd edib ki, həmin ərazilərin Azərbaycana etno mədəni, tarixi, coğrafi baxımından bağlılığını itirməyə çalışıblar: “Ermənilər eyni saxtakarlığı Azıx mağarasında da ediblər. Bu ərazidəki bütün abidələr Azərbaycana aiddir və ermənilərin əraziyə heç bir mənsubiyyəti yoxdur. Ermənilər çar Rusiyası tərəfindən Qarabağın yuxarı hissəsinə köçürülüblər. Onlar gəlmədilər, aborigen millət deyillər”.