“Hərbi Qənimətlər Parkının açılışında Prezident İlham Əliyevin iştirakı və orada səsləndirdiyi fikirlər, verdiyi mesajlar, eləcə də parkda sərgilənən eksponatlar Azərbaycanın çox düzgün yolda olduğunu deməyə əsas verir. Ölkə etibarlı əllərdədir, dövlət başçısı bu günədək verdiyi bütün sözü tutub, bundan sonra da o, Azərbaycanın inkişafını təmin edə biləcək”.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü bərpa etdi, düşməni torpaqlarımızdan qova bildi: “Azərbaycana qarşı ərazi iddiası olan, torpaqlarını işğal edən istənilən qüvvələrin sonda cəzası bu formada olacaq. Biz həmişə sülhün tərəfdarı olmuşuq, bu gün də belədir.
Azərbaycan regionda daimi sülhü bərqərar etmək üçün bütün qonşuları ilə əlaqələrini gücləndirir. Ermənistan da qonşu dövlətlərə, eləcə də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir, əks halda müstəqillikləri sual altına düşə bilər.
Qarabağ işğal olunduqdan sonra Azərbaycan uzun illər sülh danışıqlarına sadiq qaldı. Ölkəmiz sülh yolu ilə problemin həllində maraqlı olduğunu səsləndirsə də, qarşı tərəf hər dəfə danışıqların uzanmasına çalışırdı. Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü bərpa etməli olduğu halda, bunu ölkəmiz öz üzərinə götürdü. Azərbaycan öz ordusunu müasir dövrün tələblərinə cavab verəcək tərzdə formalaşdıraraq, ordu-xalq birliyini təmin edərək torpaqlarımızı işğaldan azad etdi”.
Deputat təəssüflə qeyd edib ki, dünya da, beynəlxalq təşkilatlar da ikili standartlardan çıxış edir, Xocalı faciəsini və iki əsir boyunca azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri, terror hadisələrini görməzdən gəlirdilər: "Ancaq Azərbaycan 30 ilə yaxındır işğal altında olan torpaqları azad etməklə ermənilərin əsil iç üzünü dünya ictimaiyyətinə göstərə bildi. Qarabağda bütün tarixi, mədəniyyət abidələrimiz, xəstəxanalar, məktəblər, yaşayış obyektlərimiz tamamilə dağıdılıb. Faktiki olaraq hazırda bu ərazilərdə yaşamaq mümkün deyil.
Beynəlxalq təşkilatlar nəhayət ki, bu həqiqəti görməyə başladılar. Müharibə zamanı ermənilərin beynəlxalq qanunlara əməl etmədən dinc vətəndaşlara qarşı hərbi cinayət törətmələri və bizim əsirlərə qarşı vəhşicəsinə davranmaları artıq beynəlxalq təşkilatların diqqətindədir”.