6 May 2021 14:44
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat katibi Anar Nəcəfli deyib.

O bildirib ki, Prezident İlham Əliyevin yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan və Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolunun tikintisi davam edir: "Yeni layihəyə əsasən, çətin relyefə malik ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 86 km təşkil edəcək. İnşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 6 km olacaq. Bundan başqa, yeni trass üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

Bundan başqa Füzuli-Şuşa avtomobil yolu inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədi ilə 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə aparılır".

Anar Nəcəfli bildirib ki, yeni Füzuli-Şuşa avtomobil yolunun inşası 4 hissə üzrə aparılır. Bu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki tabeli təşkilatı tərəfindən tikintisi aparılan 0-17 və 17-34-cü km-lik hissələri, subpodratçı şirkət olaraq “AZVİRT” MMC-in inşa etdiyi 34-51-ci km-lik hissə və Türkiyənin “Kolin İnşaat” şirkəti tərəfindən inşası aparılan 51-84.6 km-lik hissəsidir.

Hazırda yolun 14 km-lik hissələrində torpaq yatağının inşası işləri yekunlaşdırılıb və növbəti hissələrdə bu istiqamətdə işlər davam etdirilir.

Başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən yeni Füzuli-Şuşa magistral avtomobil yolunun inşasının 2024-cü il ərzində tamamlanması nəzərdə tutulur.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər