12-13 may tarixlərindən Azərbaycan Ordusunun sərhədlərin bərpası üçün atdığı addım qarşılığında zəbt etdikləri ərazidən çəkilmək istəməyən Ermənistanın mövzu ətrafında siyasi şousu davam etməkdədir.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, Zəngəzurun (Sünik) keçmiş qubernatoru Vaqe Akopyan Qaragöl ərazisində Azərbaycanın 1000-dən çox əsgərinin cəmləşdiyini erməni mediasına deyib. İddia edib ki, “bu günlər ərzində” Azərbaycan əsgərlərinin sözügedən ərazidə sayı artıb.
Qeyd edək ki, 12-13 may tarixlərində Azərbaycan Ordusu xəritələr və GPS-lə hərəkət edərək, Qaragöl istiqamətində irəliləmişdi. Ermənistan isə bunu “suverenliyə müdaxilə” kimi qələmə verərək, KTMT də daxil olmaqla, dünyanın bir çox ölkə və qurumlarına dayanmadan şikayətlər etdi.
Erməni rəsmilərinin özünün verdiyi məlumata görə, Azərbaycan Ordusu mövqelərdə bərabər qüvvələr saxlayaraq, hərbçilərini geri çəkib və sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlara başlayıb. Buna baxmayaraq, Ermənistan böhtan təbliğatını azaltmayıb.