“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək Türkiyə və Ukrayna ortaq maraqlarını ifadə edir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Müdafiə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun yayımladığı analitik materialda bildirilib.
Məqalədə hər iki ölkənin Azərbaycana yaxınlığı ilə seçilməsinə diqqət çəkilib:
“Türkiyə və Ukraynanın oxşar geosiyasi baxışları var. Türkiyə bölgədəki dövlətlərin ərazi bütövlüyünün qorunmasının güclü tərəfdarıdır və separatçılığı dəstəkləyən ölkələrə şübhə ilə yanaşır. Bu səbəbdən Türkiyə Krımın ilhaqını qınadı və 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Türkiyə Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın beynəlxalq miqyasda davam edən qanunsuz işğalına qarşı qurduğu Krım Platforması təşəbbüsünü də dəstəkləyir.
Türkiyə və Ukraynanın Azərbaycanda oxşar maraqları var. Hər iki ölkə Azərbaycanın Ermənistanın təxminən 30 ildir işğal etdiyi Qarabağ bölgəsini azad etmək hüququnu dəstəklədi”.
Məqalədə gələcəkdə də Türkiyə-Ukrayna strateji tərəfdaşlığının, xüsusən də hərbi sahədə genişlənməyə davam edəcəyi bildirilib.
Materialda vurğulanıb ki, Ukraynanın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan kimi müstəqil xarici siyasət yürüdən və öz mövqeyini güclü şəkildə dilə gətirib müdafiə edən liderə ehtiyacı var.