Azərbaycanda səfərdə olmuş fransız tarixçi və jurnalist Alən Rumestanın Fransanın “Causeur” portalında “Qarabağa qayıdış: Azərbaycan geniş yenidənqurma planının icrasına başlayır” sərlövhəli məqaləsi dərc edilib.
Diaspora Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, xarici səyyahların Azərbaycana gəldikdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “Qarabağ, Azərbaycandır!” şüarı yazılmış nəhəng rəqəmsal lövhə ilə qarşılandıqlarına diqqəti çəkən müəllif ötən ilin sentyabr-noyabr aylarında Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ona məxsus olan və uzun illər işğal altında saxlanılmış torpaqlarını azad etdiyini xatırladıb.
Müəllif öz məqaləsində Bakı şəhərində məscidlərin, sinaqoqların, pravoslav və erməni kilsələrinin ahəngdar şəkildə fəaliyyət göstərdiyini vurğulayır, işğaldan azad edilmiş torpaqlarda böyük dağıntılar olduğu, minalardan təmizlənmə işlərinin aparılması, Ermənistanın bütün mina xəritələrini verməkdən hələ də imtina etməsi nəticəsində mülki insanların, o cümlədən jurnalistlərin həlak olmasını qeyd edir.
Məqalədə Qarabağda yeni infrastrukturun qurulması, Şuşada artıq bərpa-quruculuq işlərinə başlanılması, müharibə zamanı Azərbaycanın dahi şəxsiyyətləri Xurşidbanu Natəvan, Üzeyir bəy Hacıbəyli və Bülbülün güllələnmiş büstlərinin bura qaytarıldığı, xarici ölkələrdən çoxsaylı nümayəndələrin Azərbaycanın qədim Şuşa şəhərinə səfər etməsi, döyüşlərin izlərinin qaldığı Şuşada olarkən azərbaycanlıların kövrəldikləri, 2010-cu ildən Fransa vətəndaşlığı olan Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın 28 il sonra doğulduğu Qubadlı rayonunun Xanlıq kəndini ziyarət etdiyi, lakin öz ata evinin yalnız izlərini tapdığı, habelə yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtmağı, sülh və təhlükəsizlik şəraitində yaşamağı arzuladıqları və sair nəzərə çatdırılıb.
O cümlədən, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun, Fransadakı keçmiş səfir Elçin Əmirbəyovun və digər şəxslərin fikirlərinə yer verilib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə səfərdə olan fransız tarixçi və jurnalist Alən Rumestanın məqaləsi Fransada yaşayan erməniləri olduqca hiddətləndirib. Ermənilərə məxsus https://www.armenews.com/ saytında yerləşdirilən “İki fransız Azərbaycanı tanıtdırır” sərlövhəli məqalədə iddia edilib ki, Alain Roumestan və Grégory Herpe “bu bölgələrdə lazımi qaydada müşayiət olunur”. Tanınmış jurnalistlərin ünvanına “müntəzəm şəkildə Azərbaycana işlədiyi” və başqa böhtanlar yağdırılıb.