29 Sentyabr 2021 16:11
5 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan və Azərbaycan Minsk qrupunun gündəliyini öz mənafelərinə uyğun formalaşdıra bilərlər. Düşünmək lazım deyil ki, Azərbaycana qarşı düşmənçiliyi dəstəkləyir. Ermənistan cəmiyyətinin sağlam hissəsi düşünür ki, bu münaqişədən çıxmaq, münasibətləri tənzimləmək lazımdır, sülh, ticarət, gediş-gəliş və sair bərqərar olmalıdır. Yəni indiki anormallıqdan çıxmalıdırlar. Ermənistanda bunu düşünən insanlar, qüvvələr var. Azərbaycan da Ermənistanda sağlam düşünən insanlara dəstək verməlidir”.

Politoloq Zərdüşt Əlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Türkiyə və Rusiya liderlərinin Soçidəki görüşündən gözləntiniz nədir? Görüşdə Cənubi Qafqazla bağlı da danışıqların olacağı deyilib.

- Düşünmürəm ki, Cənubi Qafqaz danışıqların mərkəzində olsun. Əsas müzakirə mövzuları Rusiya-Türkiyə münasibətləri və Suriya olacaq. Çünki indi Suriyada vəziyyət gərgindir. Yəqin ki, Ərdoğan və Putin əsasən bu məsələni yoluna qoymağa çalışacaq. Ola bilsin, bu yöndə hansısa razılaşma əldə edilsin.

- Bəs Cənubi Qafqazla bağlı hansı məsələləri müzakirə edə bilərlər?

- Hələlik Cənubi Qafqazda bağlı nisbətən sakitlik var. Əlbəttə, müəyyən ziddiyyətlər qalır. Rusiya sülhməramlıları Qarabağda yerləşib, Azərbaycan azad olunmuş rayonların bərpası ilə məşğuldur, Türkiyə də həm bu işdə bizə kömək edir, həm də müşahidəçi qismində fəaliyyətini davam etdirir. Bölgədə vəziyyət bu cürdür, başqa ciddi bir şey yoxdur.

Rusiya istəyir ki, sülhməramlıların mandatı ilə bağlı müqavilə imzalansın, Azərbaycan da hələlik imzalamır. Yəni bu məsələ müzakirə mövzusudur. Dəhlizlərin, yolların, kommunikasiyaların açılması, diplomatik münasibətlərin tənzimlənməsi – bu sahələrdə də işlər gedir. Amma hələlik yeni qərarlar açıqlanmayıb. Hər halda müsbət fikirlər səsləndirilir.

- Türkiyə Prezidenti Ərdoğan Zəngəzur dəhlizi məsələsini rusiyalı həmkarı ilə müzakirə edəcəyini deyib. Görüşdən sonra bununla bağlı hansı gəlişmələri görə bilərik?

- Əsas budur ki, yollar açılsın. İki ildən sonra bizim çəkdiyimiz dəmir yolu Mincivana çatacaq, hazırda tikinti işləri gedir. İlyarım, iki il ərzində bu yol çəkiləcək. Bundan sonra sökülmüş 42 kilometrlik dəmir yolu (Zəngəzurda) var, o tikiləcək. Bununla yanaşı, bir şosse yolu da nəzərdə tutulub. Yəni, bu, sabahın məsələsi deyil. Kommunikasiyaların və ya yolların açılması Rusiyanın bölgədəki təsirini azaladacaq, Ermənistanın bu ölkədən asılılığını zəiflədəcək. Bu, həm də ermənilər üçün xoşməramlı addım olardı.

- Qarabağdakı Rusiya sülhməramlılarının komandiri dəyişdirildi. Bu qərar bölgədə nəyi dəyişəcək?

- Nəyisə dəyişəcəyini düşünmürəm. Sülhməramlıların ora gəlməsi və qalması üçtərəfli bəyanatla nəzərdə tutulub. Yəni bu İvranın gedib, o biri İvanın gəlməsi sülhməramlıların statusunu dəyişmir.

- Sülhməramlıların komandiri dəyişdirildikdən sonra separatçı birləşmələrin postlarının ləğv edilməsi məlumatları yayılmağa başlayıb. Bu barədə nə düşünürsünüz?

- Bu, Azərbaycan tərəfinin tələbi ilə həyata keçirilən tədbirdir.

- Gürcüstan Baş naziri İrakli Qaribaşvili Azərbaycan və Ermənistanı barışdırmağa çalışır. Sizcə, onun vasitəçilik səyi nəticə verəcəkmi?

- Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqlar başlasa, Gürcüstan ideal meydandır. Orada üçüncü tərəfin iştirakı olmadan yalnız Azərbaycan və Ermənistan xalqlarının mənafeyi naminə görüşürlər, danışırlar. Bu baxımdan, Gürcüstan çox gözəl meydandır. Bəs Rusiya buna imkan verərmi? Buna inanmıram. Amma Gürcüstanın dəstəyi və təşəbbüsü müsbət bir amil ola bilər.

- Bəs ABŞ-ın son günlərdəki fəallığı nədən qaynaqlanır?

- Bu, “mən də varam” məsələsidir. Amerika köhnə, ənənəvi siyasətini davam etdirir. ABŞ-dakı erməni lobbisi fəaliyyətdədir, bu baxımdan da Dövlət Departamentinin mövqeyi ortadadır. Amma indi bizim də imkanlarımız var ki, bu mənfi təsirləri zərərsizləşdirək.

- Rusiya Xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupu həmsdərlərinin bölgəyə gələcəyini açıqladı. Həmsədrlərin yenidən fəallaşması nə vəd edir?

- Minsk qrupu Azərbaycan və Ermənistana qarşı əlavə təzyiq alətidir. Həmsədr dövlətlər imkan vermirlər ki, Azərbaycan və Ermənistan məsələləri təklikdə danışıb münasibətlərini ayırd etsinlər. Biz həmsədrlərə yalnız onu edə bilərik ki, Ermənistanla birbaşa danışıqlara başlayaq. Buna da Rusiya imkan vermir, Minsk qrupu da yenidən vasitəçi olmaq istəyir. Hər kəs öz mənafeyini güdür – Amerika da, Rusiya da, Fransa da. Biz uşaq deyilik ki, 30 ildir bu prosesin içindəyik.

Ermənistan və Azərbaycan Minsk qrupunun gündəliyini öz mənafelərinə uyğun formalaşdıra bilərlər. Düşünmək lazım deyil ki, Azərbaycana qarşı düşmənçiliyi dəstəkləyir. Ermənistan cəmiyyətinin sağlam hissəsi düşünür ki, bu münaqişədən çıxmaq, münasibətləri tənzimləmək lazımdır, sülh, ticarət, gediş-gəliş və sair bərqərar olmalıdır. Yəni indiki anormallıqdan çıxmalıdırlar.

Ermənistanda bunu düşünən insanlar, qüvvələr var. Azərbaycan da Ermənistanda sağlam düşünən insanlara dəstək verməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər