Azərbaycanda səfərdə olan “Türkiyə Gəzginlər Klubu” dərnəyinin beynəlxalq səyyahlarının növbəti ünvanı Şərqi Zəngəzurun Zəngilan rayonunun Ağalı kəndi olub.
Teleqraf.com xəbər verir ki, türkiyəli beynəlxalq səyyahlar işğaldan azad edilən Ağalı kəndində yenidən canlanan həyatla tanış olublar.
Səfərlərinin üçüncü günündə Ağalı kəndinə gələn qonaqlara Zəngilan rayonu barədə məlumat verilib. Bildirilib ki, Zəngilan 27 il düşmən işğalında qaldığı zaman şəhər mərkəzi ilə bərabər, 5 qəsəbə və 79 kənd tamamilə yerləyeksan edilib. Rayon əhalisi öz doğma yurdundan didərgin salınaraq məcburi köçkün olub. Yaşayış yerləri, tarixi mədəni və dini abidələr dağıdılıb. Həmçinin erməni işğalı zamanı Zəngilan ekoloji terrora məruz qalaraq flora və faunası da məhv edilib. Yaşı 300 ildən çox olan palıd, çinar ağacları, həmçinin hektarlarla qoz ağacları və digər yaşıllıqlar qırılıb.
Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsi zamanı Zəngilan erməni işğalından azad edilərək əsl sahiblərinin nəzarətinə keçib. Vurğulanıb ki, 27 il düşmən əsarətində qalan Zəngilan artıq iki ildir çiçəklənməyə başlayıb.
Xatırladaq ki, səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, “Nomadmania”) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfərlər təşkil edilib. Hazırda sayca beşinci olan bu səfərlər nəticəsində 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. Bu isə Azərbaycanın illər ərzində məruz qaldığı vəhşiliyin dünya ictimaiyyətinə beynəlxalq səyahətçilərin gözləri ilə göstərilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, budəfəki heyətə “Türkiyə Gəzginlər Klubu”nun prezidenti, “Nomadmania”nın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.