“ABŞ ilin sonuna qədər Bakı və İrəvan arasında hansısa sənədin imzalanmasını istəyir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspert Ermənistan-Azərbaycan gərginliyi ətrafındakı son gəlişmələrə diqqət çəkib:
“Son zamanlarda Ermənistan-Azərbaycan sərhədində və Qarabağda tərəflər arasında baş verənlər Cənubi Qafqazın müharibənin bir addımlığında olmasının göstəricisidir. Region dövlətlərinin bu fonda susqunluğu və eskalasiya riskinin qarşısını almaq üçün diplomatik müstəvidə hərəkətə keçməmələri, bunun əksinə olaraq, Avropa Birliyi və ABŞ-dan xüsusi nümayəndələrin eyni vaxtda təcili danışıqlar üçün Bakıya gəlmələri diqqətdən yayınmır.
ABŞ ilin sonuna qədər Bakı və İrəvan arasında hansısa sənədin imzalanmasını istəyir. Son 20 ildə ilk dəfə olaraq ABŞ administrasiyaları içərisində məhz Blinkenin komandasının Cənubi Qafqazda bu qədər aktivləşməsini qeyd etmək lazımdır. Təbii ki, ABŞ məsələyə Rusiya və İran prizmasından baxaraq, aktivlik nümayiş etdirir və tərəfləri sülhə səsləyir”.
Zaur Məmmədov bildirib ki, sülhün əldə edilməsi üçün ilk və əsas şərt Ermənistanın Qarabağ məsələsində manipulyasiyadan əl çəkməsidir:
“Paşinyanın indiki halda “Qarabağ Azərbaycan ərazisidir” deyəcəyi gözlənilən deyil. Vardanyanın bu fonda Xankəndidə peyda olması, onunla “sülh qurucuları” arasındakı isti münasibətlər, Müdafiə Nazirliyimizin son bir neçə gündə ardıcıl olaraq toponimlərlə bağlı etiraz etməsi nəzərdən qaçmır.
Hazırda bölgə ətrafında baş verənlər, bəzi qonşu dövlətlərdə siyasi hakimiyyətlərin gələcəyi ilə bağlı gözləntilər, gələcəkdə Qərb-İran, Qərb-Rusiya münasibətlətindəki mümkün gəlişmələr Xankəndi və ətrafı məsələsində bəzi addımların atılmasını tələb edir. Amma ABŞ və Avropa Birliyi nümayəndələrinin son səfərləri müəyyən məsələlərlə bağlı hələlik gözləyəcəyimizə dəlalət edir. Seçim Paşinyanındır, məsuliyyət də onun üzərindədir”.