Cənab Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində 2022-ci ili “Şuşa İli” elan etdi. Bu il yanvarın 5-də isə dövlətimizin başçısı Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2022-ci il üçün nəzərdə tutulmuş layihələri “Şuşa İli” çərçivəsində keçirməyi qərara alıb və mədəniyyət paytaxtımız Şuşa şəhərinə həsr edib.
Şuşa şəhərinə həsr olunmuş dörd layihə çərçivəsində “Şuşa: müxtəsər tarix (1752-2022)”, “İkinci Qarabağ müharibəsi və yeni geosiyasi reallıqlar”, “Şuşa: ədəbi-mədəni mühit” və “Bizim Şuşa (söhbətlər)” adlı kitablardan ibarət monoqrafik tədqiqat bir müddət bundan əvvəl işıq üzü görüb və Zəfər günü ərəfəsində ictimaiyyətə təqdim olunub.
“Şuşa ili”nin son günlərində AVCİYA-nın növbəti layihəsi çərçivəsində beşinci kitabını sizə təqdim etməkdən qürur duyuram. Bu, Müzəffər Ali Baş Komandan, Prezidentimiz cənab İlham Əliyevə ad günü hədiyyəsi kimi düşündüyümüz “Şuşa 270 tarixdə” kitabıdır.
Bəli, bu nəfis tərtibatlı kitabda Şuşanın 270 illik tarixindən, danışılır. 270 il ərzində baş vermiş 270 yaddaqalan hadisədən...
Əlbəttə, Şuşa ilə bağlı əhəmiyyətli hadisələrin sayı minlərlədir. Mümkündür ki, çox vacib olan hansısa olaylar, proseslər diqqətimizdən yayınıb. Zənnimcə, bu önəmli deyil. Şuşa bizimdir və Azərbaycanda Şuşa ilə bağlı hələ çox nəşrlər işıq üzü görəcək.
Şuşa ilk növbədə Şuşa sakinləri, bu gözəl şəhəri quran, bu gözəl şəhərdə yaşayıb yaradan, bu gözəl şəhəri şöhrətləndirən tarixi şəxsiyyətlərdir.
“Şuşa 270 tarixdə” kitabında bu böyük şəxsiyyətlərin adları çəkilir, onların əzəmətli fəaliyyəti xatırlanır. Doğrudur,
burada da yada sala bilmədiyimiz böyük şəxsiyyətlər ola bilər. Axı, 270 illik tarixi bir kitaba sığışdırmaq əslində mümkün deyil.
Mən əminəm ki, Şuşanın adını uca zirvələrə qaldıra bilmiş bu böyük şəxsiyyətlərin ruhları şaddır. Şuşa azaddır. Şuşa bizimdir. Cənab İlham Əliyevin dediyi kimi: "Biz Şuşaya qayıtmışıq!"
Kollektivimiz çox xoşbəxtdir ki, dövlət başçımızın ad gününə bu hədiyyəni – “Şuşa 270 tarixdə” kitabını hazırlamaq bizə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasına qismət olub”!
Təbrik edirik Sizi, cənab Prezident İlham Əliyev!
AVCİYA-nın prezidenti Elxan Süleymanov