26 Dekabr 2022 11:58
3 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırkı şəraitdə Xankəndidəki separatçıları dəstəkləmək Ermənistan hakimiyyəti üçün problem yarada bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert dünən separatçıların Xankəndidə keçirdikləri mitinqə diqqət çəkib:

Separatçı rejim üçün bu şou onun xəyali legitimliyini nümayiş etdirmək və nəyin bahasına olur-olsun “siyasi müstəqilliyə” nail olmaq istəyini “əsaslandırmaq” baxımından zəruri idi.

Belə bir fikir var ki, qanunsuz istismar edilən yataqlar separatçılar üçün yeganə önəmli gəlir mənbəyidir. Vardanyan filizin Ermənistana, daha sonra xaricə maneəsiz daşınmasına nail olmaq üçün hər şeyi etməyə çalışır. Düzdür, düşünmürəm ki, bu mədənlərin qanunsuz istismarından onlara nəsə düşər, amma Vardanyan və digərlərinin şəxsi maraqları var.

Maraqlıdır ki, mitinq iştirakçıları digər şüarlarla yanaşı, “Ermənistan!” şüarını da səsləndirdilər. Separatçılar İrəvanı da onları fəal dəstəkləməyə çağırıblar. Hazırkı şəraitdə bu, Ermənistan hakimiyyəti üçün problem yarada bilər. Çünki Ermənistan Baş naziri Nikol Paşinyan birbaşa və ya dolayısı ilə Brüssel, Moskva və Vaşinqtonun vasitəçiliyi ilə Azərbaycanla əldə olunmuş razılaşmalar çərçivəsində ərazi bütövlüyümüzü tanıyıb. İndi də yəqin ki, açıq şəkildə separatçıları dəstəkləyə bilməyəcək.

Bundan başqa, Ermənistanın baş naziri çətin ki, Vardanyana öz mövqelərini möhkəmləndirməyə kömək etsin. Çünki keçmiş rusiyalı biznesmenin ən çox ehtimal olunan məqsədi Ermənistanın baş naziri postudur.

İlqar Vəlizadə Bakının Vardanyanla danışıqlara getməyəcəyini bildirib:

“Vardanyan özü də mitinqdə çıxış edərək, orada olanların rəyi əsasında “müstəqilliyə” can atacağını açıq şəkildə bəyan edib. “Qan və tər” tökməyə hazır olduqlarından danışan Vardanyan açıq şəkildə eyham vurub ki, separatçıları tərksilah etmək fikrində deyillər və lazım gələrsə, Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində olan hissəsinin Azərbaycana reinteqrasiyasının qarşısını almaq üçün Bakının hərəkətlərinə qarşı “güc” tətbiq edəcəklər. Bu fakt Vardanyan və onun kimilərlə hər hansı danışıqların aparılmasının mümkünsüzlüyünü bir daha əyani şəkildə təsdiqlədi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər