“Azərbaycanla sülh müqaviləsi danışıqlarında əsas oyunçu Rusiyadır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə açıqlamasında deyib.
“Hər yerdən müxtəlif müraciətlər olur, müxtəlif kanallarla müxtəlif məsələlər müzakirə olunur. Söhbət həm də Qarabağla bağlı məsələlərdən gedir. Sülh müqavilələri üzrə təkliflər müxtəlif kanallarla mübadilə edilir, əsas yol Rusiya tərəfi vasitəsilə mübadilədir. Əsas aktor Rusiya olaraq qalır, amma ABŞ-ın, eləcə də Fransanın təşəbbüsləri də var”, - spiker qeyd edib.
Simonyan açıqlamasında təxribatçı və separatçı fikirlərə də yer verib. Azərbaycanın rəsmi nümayəndələri ilə dialoqda iştirak edən erməni icmasını “artsax hakimiyyəti”, Qarabağ iqtisadi rayonunu isə “artsax” adlandırıb.
Eyni zamanda o, bu gün erməni icmasının Azərbaycana reinteqrasiyası imkanının olmadığını iddia edib. Öz təxribatçı açıqlamasında bir az da irəli gedən Simonyan qeyd edib ki, separatçı rejim hansı qərarı versə, Ermənistan bunu dəstəkləyəcək.