15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
"Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda bildirilib.
***
Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsi avtomat silahlardan atəşə tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.
Qeyd olunur ki, atəş sərhəd-buraxılış məntəqəsi ilə üzbəüz mövqelərdən, Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.
Düşmən atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb.
Onun vəziyyəti stabil qiymətləndirilir.
Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atışmalardan sonra erməni hərbçilər postlarını tərk ediblər.
Bu dəhşətli hadisə Ermənistan tərəfindən törədilən terrorizmin və təcavüzün növbəti açıq təzahürüdür.
Baş vermiş silahlı hücum “Laçın” sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə problem yaratmayıb.
Görünən odur ki, sərhəd-buraxılış məntəqəsinin fasiləsiz fəaliyyəti düşmən tərəfini ciddi narahat edir.
Silahlı hücumla əlaqədar əlavə məlumat veriləcək.