26 İyun 2023 18:27
2 672
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Danışıqlarda irəliləyiş əldə olunacaqsa və tərəflər sülh sazişini imzalamağa yaxınlaşacaqlarsa, bu, ya Vaşinqtonda, ya da Brüsseldə baş verməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə görüşmək üçün Vaşinqtona gediblər. Mayda Vaşinqtonda nazirlərin müzakirələri dörd gün çəkmişdi. Bu dəfə də müzakirələrin bir neçə gün çəkəcəyini proqnozlaşdırmaq olar.

Bayramov bir neçə gün əvvəl sülh sazişinin ilin sonundan daha tez imzalanmasının mümkünlüyünü bildirib. Oxşar optimist açıqlama İrəvandan da gəlib. Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, Vaşinqton danışıqlarından irəliləyiş gözləmək olar. Simonyan təmasların intensivliyinə diqqət çəkərək, hər iki tərəfin təkliflərinin və müzakirələrinin nəticə verdiyini vurğulayıb.

Danışıqlarda irəliləyiş əldə olunacaqsa və tərəflər sülh sazişini imzalamağa yaxınlaşacaqlarsa, bu, ya Vaşinqtonda, ya da Brüsseldə baş verməlidir. Nə qədər ki Kremlin başı qarışıqdır, tərəflər gərək ABŞ və Avropa İttifaqının vasitəçiliyindən maksimum yararlansın. Bu həm Azərbaycanın, həm də Ermənistanın xeyrinədir”, - ekspert bildirib.

Elxan Şahinoğlu qeyd edib ki, Rusiyanın başının özünə qarışması Ermənistandakı radikal qüvvələrlə Qarabağdakı erməni separatçılarını narahat etməyə başlayıb:

“Bu qüvvələr Priqojin-Putin qarşıdurmasına qədər də Kremlin Cənubi Qafqaza nəzarətinin zəifləməsindən narahat idilər, indi isə durumun onların əleyhinə inkişaf edəcəyini proqnozlaşdırırlar. Haqlıdırlar, son hadisələr Rusiya ordusunun və Kremlin imicinə ciddi zərbə vurub. Rusiyanın zəifləməsini və Ukraynanın müharibədə qələbəsini arzulayanlar ümidlidirlər. Rusiya hərbi kontingentinin iki ildən sonra və ya tez Qarabağımızı tərk edəcəyinə inamımız güclənib. Bunun reallaşması üçün var gücümüzlə çalışmalıyıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər