2020-ci il noyabrın 10-da Moskva, Bakı və İrəvan arasında imzalanmış üçtərəfli sazişdəki şərtləri yerinə yetirməyən Ermənistan Qarabağda təxribatlarını davam etdirir. Müqavilənin dördüncü maddəsinə görə, Rusiya sülhməramlılarının daxil olması ilə silahlı ermənilər bölgəni tərk etməlidir. Amma 10 noyabr razılaşmasından 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də 10 minlik silahlı qüvvələrini bölgədən çıxarmayıb. Rusiya sülhməramlılarının dəstəyi ilə Ermənistan hərbçi və silah göndərməkdə davam edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazır.
Nəşr qeyd edir ki, silah və canlı qüvvənin daşınması ilə yanaşı, erməni silahlı dəstələri səngər qazaraq əməliyyata hazırlıq görürlər:
“Martda Azərbaycan hərbçilərinə hücum edən erməni dəstələri 2 əsgəri şəhid edib. Ermənistandan bölgəyə “müdafiə qrupları”nın göndərilməsinin PUA və peyk görüntüləri ilə təsbit edilməsindən sonra Azərbaycan öz ərazisində - Laçın yolunda keçid məntəqəsi qurdu. Beləliklə, silah və hərbçilərin daşınmasının qarşısı alınıb. Bu addımdan sonra İrəvan təbliğatla beynəlxalq ictimai rəyə təsir göstərmək üçün yolun yenidən açılmasına cəhdlər göstərir.
Xankəndi erməniləri burada pasportdan və rentgen aparatından keçirlər. Rusiya sülhməramlılarının müşayiəti ilə keçid məntəqəsindən keçərək Ermənistana gedirlər. Azərbaycan bu keçid məntəqəsinin qurulmasından sonra rusların köməyi ilə silah və yaraqlıların daşınmasının qarşısını alıb.
Azərbaycanı Laçın yolunu bağlayaraq yaratdığı “blokada”nın “etnik təmizləmə fəaliyyəti”nin tərkib hissəsi olduğunu iddia edən Ermənistan Beynəlxalq Məhkəməyə müraciət etsə də, istədiyi nəticəni ala bilməyib. İrəvan bu qərardan təbliğat vasitəsi kimi istifadə etməklə Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasının qarşısını almaq istəyir. Ermənistanın təxribat cəhdləri təkcə Laçın yolu ilə bağlı başlayan gərginliklə məhdudlaşmır”.
Siyasi ekspert Cavid Vəliyev “Yeni Şafak”a bildirib ki, Ermənistanın Qarabağda “muxtariyyət”dən kənar planı var:
“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Amma bundan dərhal sonra “Qarabağda yaşayan ermənilərin hüquq və azadlıqlarının tanınması üçün beynəlxalq mexanizm”dən danışmağa başladı. Məqsəd Qarabağda “Kosovo modeli”ni qurmaqdır. “Azərbaycan yaşamaq hüququ tanımadığı üçün Qarabağ ermənilərinin köçməkdən başqa çarələri yoxdur” qondarma təəssüratını yaratmağa çalışırlar. “Məcburi köç” Kosovo modelinin əsas səbəbi idi”.
Türk nəşri vurğulayır ki, Qarabağdakı Rusiya qüvvələri bölgədə “sülhməramlı” kimi fəaliyyət göstərir:
“Rusiya burada “Kosovo modeli”ni nümunə götürür. BMT-nin Kosovodakı sülhmərmlı missiyası bölgədə fövqəladə vəziyyətin müddətinin uzanmasına səbəb olurdu. Rusiya qeyri-sabitliyin davam etməsini təmin etməklə Qarabağda qalmağı və Qarabağ ermənilərinə “muxtariyyət statusu” almağı hədəfləyir.
Türkiyə Xarici İşlər Nazirliyi Laçın yolu ətrafındakı vəziyyətlə bağlı bəyanat verib. Türkiyənin Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri yaxından izlədiyi və Azərbaycanın məsələ ilə bağlı haqlı narahatlığının başa düşüldüyü vurğulanıb. Laçın yolu ilə bağlı Azərbaycan ünvanına səslənən tənqidlərin heç bir əsası olmadığı bildirilən bəyanatda bu ifadələr yer alıb: “Ermənistandan gözləntimiz təxribat xarakterli addımlardan çəkinmək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq, Qarabağda erməni əhalisinin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi və digər alternativ yollardan istifadəni, ayrıca Azərbaycanın erməni əhalisinin yenidən inteqrasiya səylərini dəstəkləməkdir”.
“Yeni Şafak” bildirir ki, Ermənistanın üçtərəfli bəyanatda yerinə yetirmədiyi digər bənd isə Zəngəzur dəhlizi ilə əlaqəlidir:
“Bu bəyanatda bildirilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat xətti açılmalı və bu yolun təhlükəsizliyi Ermənistan tərəfindən təmin olunmalıdır. Azərbaycan bu dəhlizə daxil olan yolun böyük hissəsini tamamlasa da, Ermənistan öz tərəfində 44 kilometrlik yolun tikintisinə hələ də başlamayıb. Kritik əhəmiyyətə malik Zəngəzur dəhlizi Türkiyə və Azərbaycanı birləşdirəcək. Bəyanatdakı öhdəliklərini yerinə yetirməyən Ermənistana qarşı Azərbaycan hərbi əməliyyat variantını masada saxlayır”.