Qarabağın erməni sakinlərindən arzu edənlər Ermənistana köçə bilərlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistan baş nazirinin aparatından məlumat verilib.
Məlumatda deyilir ki, arzu edənlərin Ermənistana köçürülməsi məsələsi ilə bağlı Qarabağ erməniləri ilə daimi əlaqə saxlanılır. Aparatdan bildirilib ki, erməni icması və Azərbaycan hakimiyyətinin nümayəndələri arasında aparılan müzakirələrin nəticələrindən asılı olaraq, bununla bağlı lazımi qərarlar qəbul ediləcək.
Eyni zamanda, “Qarabağ ermənilərinin deportasiyası məsələsi”nin Ermənistan hökumətinin gündəmində olmadığı vurğulanıb.
“Qarabağ erməniləri və ya onların bir hissəsi üçün orada yaşamaq qeyri-mümkün hesab edilirsə, bunun üçün (Ermənistana köçürülmə) lazımi qərarlar alınacaq. Belə bir gəlişmə ilə bağlı lazımi hazırlıqlar görülür, müxtəlif ssenarilər hazırlanıb”, - məlumatda qeyd edilir.