Sünikin (Zəngəzur) qubernatoru Robert Qukasyan İranın Ermənistandakı səfiri Mehdi Sobhani ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, iranlı səfir birbaşa ad çəkməsə də Azərbaycanı Qarabağ erməniləri ilə bağlı “humanitar problem” yaratmaqda suçlayıb.
Sobhani qeyd edib ki, qubernatorla ilk dəfə “belə bir vəziyyət”də görüşmək istəməzdi: “Bu, bizim üçün də ağrılıdır. Söhbət siyasi yox, humanitar məsələlərdən gedir”.
Səfir Tehranın Qarabağ erməniləri üçün Zəngəzura göndərdiyi “humanitar yardım” barədə məlumat verib, bunun “ilkin yardım” olduğunu, “təcili, orta və uzunmüddətli ehtiyaclar” barədə qubernatordan eşitmək istədiyini bildirib.
Sobhani bu görüşə qədər bir neçə Qarabağ ermənisi ilə görüşdüyünü də açıqlayıb.
Həmsöhbətlər həmçinin iqtisadiyyat, təhlükəsizlik, infrastrukturun inkişafı və sairlə bağlı qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
Sobhani qeyd edib ki, İranın bölgədə apardığı tikinti və digər işlərdə Qarabağ ermənilərini işə götürməyə, onların işlə təmin olunması məsələsini həll etməyə çalışacaqlar. Həmişə Azərbaycan ərazisində separatizmi və Ermənistanın işğalçı siyasətini dəstəkləyən İranın səfiri Qarabağdan çıxan erməniləri “məcburi köçkün” adlandırıb.
Müzakirələr ümumilikdə Azərbaycan əleyhinə dolayı və birbaşa qondarma ittihamlarla yadda qalıb.