“Ermənistana köçən separatçılar var gücləriylə çalışırlar ki, Qarabağda qalan azsaylı ermənilər də bölgəni tərk etsinlər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Qarabağda ermənilərin yaşaması separatçıların Azərbaycana qarşı “etnik təmizləmə” təbliğatını zəiflədir:
“Ermənistana köçən separatçılar var gücləriylə çalışırlar ki, Qarabağda qalan azsaylı ermənilər də bölgəni tərk etsinlər. Müxtəlif şayiələr yayırlar, guya onlara yaxşı baxılmır, Xankəndidə aciz vəziyyətdədirlər. Separatçılar belə bir şayiə də yayırlar ki, guya Qarabağda qalanlar əsl erməni deyillər, ya rusdur, ya da qarışıq millətdəndirlər. Yəni sözlərindən belə çıxır ki, “əsl erməni” türklərlə birgə yaşaya bilməz, yaşamamalıdır. Bu, erməni separatçıların ənənəvi irqi ayrı-seçkilik siyasətidir.
Sual olunur: Qarabağda qalanlar əsl erməni deyillərsə, nədən onların da Ermənistana köçmələrinə çalışırsınız? Separatçıların məqsədi aydındır, Qarabağda ermənilərin yaşaması onların Azərbaycana qarşı “etnik təmizləmə” təbliğatını zəiflədir. Azərbaycan Qarabağda qalan erməniləri güclə orada saxlamayıb, istəyən ərazini tərk edə bilər, ancaq qalanlar düşünürlər ki, Ermənistanda səfil həyat yaşamaqdansa, Azərbaycan qanunları və pasportu ilə doğulduqları bölgədə və evlərində yaşamaları daha məqbuldur”.