25 Aprel 2017 15:40
6 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serialda mənim oğlum rolunda oynayan İbrahim Çingiz çəkilişdən kənarda mənə o qədər hörmətlə yanaşır, sanki mən onun doğrudan da atasıyam. Mən də bunun zövqünü yaşayıram və hərdən elə həsəd aparıram ki, adamın belə oğlu ola, sənə hörmətlə yanaşa, qulluğunda dura...

Teleqraf.com tanınmış aktyor İlham Hüseynovla müsahibəni təqdim edir.

– İlham bəy, bildiyimə görə gəncəlisiniz, eviniz də Gəncədədir. Bakıya işiniz üçün gəlirsiniz, yoxsa?

– Hə, Gəncədə doğulub boya-başa çatmışam, Gəncə teatrında işləmişəm. Amma beş ilə yaxındır Akademik Milli Dram Teatrından dəvət almışam, buna görə də Bakıda yaşayıram.

– Amma Bakıda eviniz yoxdur, kirayədə qalırsınız...

– Bəli...

– Fəxri ad almısınız?

– Uzun müddət teatrda işləmişəm. Deyilənə görə uğurlu tamaşalarım, rollarım da olub. Ancaq mənə fəxri ad verilməmişdi. 2011-ci ildə “Aktrisa” filminin premyerasına Mədəniyyət və Truzim nazirinin müavini Ədalət Vəliyev də gəlmişdi. Özü mənə dedi ki, bu filmdəki rolun çox xoşuma gəldi, belə bir təşəbbüs qaldırmaq istəyirəm ki, sənə fəxri ad verilsin. Və şəxsən Ədalət Vəliyevin təşəbbüsü ilə mənə 2011-ci ildə “Əməkdar artist” fəxri adı verildi.

– Fəxri adların sizin üçün bir əhəmiyyəti varmı? Məsələn, hal-hazırda kirayədə qalırsınız. Fəxri ad əvəzinə ev verilsəydi daha yaxşı olmazdımı?

– Təbii, ev verilsəydi daha yaxşı olardı. (gülür) Ümumiyyətlə, mən fəxri adların tərəfdarı deyiləm. Kaş bir çox dünya ölkələrində olduğu kimi bizdə də fəxri adlar yığışdırılaydı. Çünki tamamilə formal bir xarakter daşıyır. Amma bir halda ki, bizim ölkədə bu adlardan istifadə olunur, bu çayın axarında mən də üzmək istəyirəm. Əlbəttə, fəxri ad veriləndə çox sevindim, hətta mənə yuxu kimi gəldi.

– Bəs xalq artisti adı necə, onu da istəyirsiniz?

– Təbii... Bu fəxri ada da layiq görülməyi arzulayıram. Amma yenə də deyirəm, adların tərəfdarı deyiləm. Kaş bizə yaxşı maaş veriləydi. Ümumiyyətlə, bu işlərə qarışmaq istəmirəm. Çünki dövlət siyasətidir. Dövlətə necə rahatdır, necə uyğundur, özü öz qərarını verir.

– Hal-hazırda “Vicdan haqqı” serialında çəkilirsiniz. Qonorarınız sizi qane edirmi?

– Bizim ölkədə nə seriala normal pul ayrılır, nə aktyor böyük məbləğdə pul alır, nə sponsorlar pul verir və nəysə, nəysə... Bu qədər reytinqli bir serial qardaş Türkiyədə çəkilsəydi, özümə çoxdan ev almışdım. (gülür) Maddi məsələlər rejissordan, prodüsserdən asılı deyil.

– Türkiyəyə gedib ordakı seriallarda, filmlərdə rol almaq fikriniz varmı?

– Hər bir aktyor istəyər ki, nəinki Türkiyədə, hətta Amerikada da filmlərə çəkilsin. Bu arzular həmişə var. Yetər ki, təklif gəlsin...

– Sizə belə bir təklif olmayıbmı?

– Xeyr, təklif almamışam. Amma bir çox türk tamaşaçılarım mənə feysbukda yazırlar. Heyranlıqlarını bildirirlər. Hətta yazırlar ki, mən seriala baxan deyiləm, amma sizin rol aldığınız serialı təsadüfən gördüm, aludə oldum. Mən də deyirəm, biz serialı çəkməyi sizdən öyrənirik, necə olur siz bizim seriala baxırsınız və heyran olursunuz? (gülür)

Çox qürurverici haldır. Bütün bu uğurlara görə biz rejissorumuz, ssenaristimiz Rövşən İsaqa borculuyuq. Bu, onun istedadının, əməyinin, zəhmətinin bəhrəsidir.

– Seriallardakı rollarınıza görə kifayət qədər tamaşaçı rəğbəti qazanmısınız. Maraqlıdır, Akademik Dram Teatrındakı fəaliyyətinizə görə tamaşaçı sayı, tamaşaçı diqqəti sizi qane edirmi?

– Mən uzun müddət Gəncə Dram Teatrında işləmişəm. Orda kifayət qədər tamaşaçılarım olub. Artıq beşinci ildir Akademik Milli Dram Teatrındayam. Deməzdim burda gözəçarpacaq qədər müvəffəqiyyətli rollarım olub. Əvvəllər hiss etmirdim, amma son vaxtlar anlayıram ki, Azdramada ölkənin ən istedadlı aktyorları cəmləşib. Onların arasından qabağa çıxmaq təbii, çox çətindir. Sözsüz, bir az dəstək də lazımdır.

Mənim özümdə də müəyyən problemlər var. Çəkingən, utancaq və son dərəcə kompleksli adamam. Sıxıntı keçirirəm. Bakıda işlədiyim bu beş ili mən adaptasiya prosesi yaşamışam. Bilmirəm bu proses hələ nə qədər çəkəcək. Çox istəyirəm teatrda uğurlu rollar oynayım. İnanıram ki, belə də olacaq, hələ hər şey qarşıdadır. Ümid edirəm “Vicdan haqqı” serialında oynadığım rol mənim üçün bir tramplin olacaq, teatrda mənə də yaxşı rollar veriləcək və mən də onların öhdəsindən gələ biləcəm.

– Dediniz beş ildir Akademik Milli Dram Teatrında işləyirəm. Məsələn, Fuad Poladov kimi sənətkarın Azdramdan getməsi oranın imicinə xələl gətirirmi?

– Fuad Poladov mənim Azərbaycan aktyorları arasında ən çox sevdiyim, sənətinə pərəstiş etdiyim bir insandır. Amma onun teatrdan getməsi məsələsinə münasibətimi gizli saxlamaq istəyirəm. Təbii, istərdim teatrımızda qalsın. Amma burda çox incə məqamlar var, istəməzdim bu işlərə qarışım.

Milli Dram Teatrında işlədiyim müddətin az olduğu və mövqeyimin o qədər də güclü olmadığı üçün özümdə elə bir haqq görmürəm ki, bu məsələ barədə bir fikir söyləyim, münasibət bildirim. Amma təbiidir, içimdə çox böyük təəssüf var. Kaş Fuad Poladov getməyəydi.

– Bizim yerli seriallarımızda müəyyən peşəkar aktyorları çıxmaq şərti ilə çox rollar tamaşaçıya süni gəlir. Sizcə, bu hardan, nədən qaynaqlanır? Serial ənənəmiz yoxdur, yoxsa kameralarda, maddiyyatdadır problem?

– Digərlərini deyə bilmərəm, amma “Vicdan haqqı” serialının pərəstişkarları günbəgün artır, hamı razılıq edir, hamı bəyənir və sevə-sevə izləyir. Bunun arxasında bir amil var: Rövşən İsaq! Mən uzun müddətdir bu sənətdəyəm, Rövşən qədər aktyorla işləyə bilən ikinci bir rejissor görməmişəm.

Gələk sualınıza. Ümumiyyətlə bizdə seriallara barmaqarası yanaşılır. Fikir verin, üzdə olan və film çəkən beş rejissorumuza təklif etsələr ki, serial çəkin, onlar bu təklifə ironiya edərlər. Deyərlər, serial sənət deyil. Yəni onların düşüncəsi, yanaşma tərzi belədir. Və serialları həvalə edirlər heç bir təcrübəsi olmayan, ömründə bir dəfə də olsun film çəkməyən insanlara. Və onların doxsan faizi aktyorlarla işləməyi bacarmır. Çünki istedadsızdırlar, işə məsuliyyətsiz yanaşırlar.

– Deyirsiniz, problem rejissorlardadır?

– Əlbəttə... Türkiyə kinosu nə ilə parladı? Yaxşı serial çəkməyi öyrənməklə. Rövşən İsaq deyir ki, seral çəkmək mənim daha yaxşı, daha ciddi kino çəkə bilməyim üçün treyninqdir, məşqdir. Amma bizimkilər nə treyniqdən keçmək istəyir, nə də yaxşı bir kino çəkə bilir. Sovet dövründən sonra biz dünya səviyyəli bir kino çəkə bilməmişik. Təkcə “Aktrisa” filmi Azərbaycan filmləri arasında özünəməxsus bir yer tutub.

Düşünürəm ki, biz yetəri qədər istedadlı xalqıq. Hər şeyin öhdəsindən gələ bilərik. Amma istər kinoya, istərsə də teatra olan münasibətimiz düzgün deyil. Təbii, uğurlu iş üçün cəhd var. Amma buna hər mənada güclü dəstək lazımdır.

– Seriallara təsadüfi adamlar çəkilirmi? Yoxsa hamısı ixtisaslı aktyorlardır.

– Təsadüfi adam ola bilməz. Amma fitri istedadı olan insanlar var. Məsələn, Rövşən İsaqın serialında dörd-beş aktyor var ki, aktyorluq təhsili yoxdur. İlk növbədə qeyd etməliyəm Kəmalə Piriyevanı, onun aktyorluq təhsili yoxdur. “Sonuncu fəsil” serialında tərəf müqabili olmuşam. Amma onun sənətinə heyranam...

– Yaxınlarda Vəfa Zeynalova bir video ilə gündəmə gəldi. Saytlardan biri onun intellektual səviyyəsini yoxlamaq üçün bəzi suallar verdilər. Amma heç birinə cavab verə bilmədi. Sizcə, intellektual dünyagörüş müğənni, aktyor üçün vacib məsələdirmi? Yoxsa olmasa da olar.

– Nəinki aktyorun, ümumiyyətlə hər bir insanın biliyi, savadı ona şərəf, hörmət gətirər. Nə qədər dünyagörüşlü, savadlı olsa onun üçün rahat, gözəl olar. Amma aktyorluq sənətində uğur qazanmaq üçün bütün bunlar olmasa da olar. Əsas anadangəlmə istedaddır. Digər şeylər hamısı köməkçi vasitələrdir. Mən də istəyərəm çox savadlı olum, hər şeydən məlumatım olsun.

– Heç özünüzə sığışdırmadığınız, layiq bilmədiyiniz, amma oynadığınız rollar olubmu?

– Əlbəttə. Aktyorlar istəmədiyi rollarla tez-tez rastlaşır. Ümumiyyətlə, aktyorlar həmişə daha yaxşı rolları oynamaq istəyirlər, imkanlarından çox irəli atılmaq istəyirlər. Bu sənət sahiblərinin əksəriyyəti çox özündənrazı olur. Amma mən nəyə iddialı olmuşamsa, bilmişəm ki, yüz faiz o işin öhdəsindən gələrəm. Hətta epizodik rolların belə həvəsində olmuşam, oynamışam. Yetər ki, maraqlı olsun.

– İlham bəy, ədəbiyyatla aranız necədir? Bu gün yaranan ədəbiyyatımızdan hansı imzaları oxuyursunuz?

– Ədəbiyyat oxumağa vaxtım çox azdır. Vaxtım olanda isə daha çox ezoterik kitablar oxuyuram. Yoqa haqqında maraqlanıram.

– Oşo...

– Bəh-bəh! Siz mənim ürəyimdən xəbər verdiniz. (gülür) Oşonun vurğunuyam. Həyatın yazılmamış qanunları haqqında kitabları çox sevirəm. O ki qaldı Azərbaycan ədəbiyyatına... İlqar Fəhminin bir neçə əsərini oxumuşam, sevmişəm. Təəssüf, ədəbiyyatı geniş şəkildə mütaliə etməyə vaxtım olmur.

– Heç elə olurmu ki, həyatda da özünüzü roldakı kimi hiss edəsiniz, roldan çıxa bilməyəsiniz?

– Hə, hərdən zarafat edirəm, oynadığım rollar kimi hərəkətlər edirəm. Məsələn, hamının sevdiyi İmran kimi... (gülür) Bilirsiniz, mənim ruhum heç vaxt oynadığım obrazın ruhunda ola bilməz. Mənim öz dünyam, öz ruhum, öz aləmim var. Bu aləm heç kimə bənzəmir. Çox xoşbəxtəm ki, mən beləyəm, belə doğulmuşam...

– Müasir İran filmlərinə baxırsınız?

– Sonuncu Oskar alan “Satıcı” filminə baxmışam və heyran olmuşam. Çox təbii aktyor oyunu var. Həmin rejissorun “Ayrılıq” filmi də möhtəşəmdir. Ümumiyyətlə, onlarda aktyor oyunu bizimkilərdən qat-qat yaxşıdır.

– İran rejissorlarından kimləri tanıyırsınız?

– Təəssüf, yaddaşımda müəyyən problemlər var. Yoxsa ki, çoxuna bələdəm. “Ayrılıq” filmini kim çəkib?

– Əsgər Fərhadi.

– Hə, Fərhadi. Təəssüf, adlarla bağlı problemim var. Baxmayaraq İranda məlum qadağalar mövcuddur, şəraitləri bizimkindən qat-qat zəifdir. Amma onların sənətə münasibəti məni heyran edir.

– İlham bəy, deyəsən xanım pərəstişkarlarınız çoxdur...

– Hə... Amma cavan vaxtı məni heç sevən yox idi. (gülür)

– Sosial şəbəkələrdən istifadə edirsiniz?

– Bəli... Bir ildir feysbukda varam. Dostluğum dolub, artıq heç kimi dostluğuma qəbul edə bilmirəm. Hətta düşünürəm ki, bir az təmizləmə aparım. Fikirləşirəm, birdən kimlərinsə xətrinə dəyər. Xeyli izləyicim var. Hamısı serialdakı roluma görədir. Əlli yaşımızda birdən populyar olduq. (gülür) Əslində, mən bu şöhrəti “Aktrisa” filmindən sonra gözləyirdim.

– Gec gəlmiş şöhrət...

– Bəli, maraqlı dediniz... Çox istərdim bu şöhrət mənə iyirmi il əvvəl gələydi. Amma yenə də şükrlər olsun.

– İyirmi il əvvəl bu şöhrətə çatsaydınız, neyləyəcəkdiniz ki?

– Aktyorluq tamaşaçı sevgisinə hesablanmış bir sənətdir. İnsan nə qədər cavan olursa, şöhrətin dadını daha gözəl duyur, daha gözəl anlayır. Və əsl aktyorlar da sənətə tamaşaçı sevgisinə görə gəlirlər. İnsan yaşa dolduqca ölümə yaxınlaşır. Mən indi tamaşaçı sevgisini hər addımda görürəm, duyuram, zövqünü yaşayıram. Amma bunlar mənim üçün hardasa adiləşib. Yəni bu sevgiyə iyirmi il bundan əvvəlki qədər ehtiyacım yoxdur. İnsan artıq tənhalaşır, kənar aləmə o qədər də ehtiyacı olmur, özünə qapanır.

– Övladınız var?

– Xeyr.

– Amma oynadığınız rolda övladınız var...

– Serialda mənim oğlum rolunda oynayan İbrahim Çingiz çəkilişdən kənarda mənə o qədər hörmətlə yanaşır, sanki mən onun doğrudan da atasıyam. Mən də bunun zövqünü yaşayıram və hərdən elə həsəd aparıram ki, adamın belə oğlu ola, sənə hörmətlə yanaşa, qulluğunda dura...

Sadəcə, mənim övlad saxlamağa imkanım olmayıb. Ona görə də övlada ehtiyac hiss eləməmişəm.

– İstedadlı adamları anlamaq çətindir. Övladınız yoxdur, bəs həyatınızda sizi duyan, hiss eləyən bir qadın da yoxdumu?

– Hal-hazırda məni sevən qadınlar çoxdur. Onların arasında bir neçə nəfər var ki, məni çox gözəl duyur, hətta təsəvvür elədiyimdən daha yaxşı anlayır, hiss edir...

– Bayaq qarşılıqsız sevgidən danışdınız...

– Mən gənclikdə sevən insan olmuşam. Hardasa 40 yaşıma qədər. Mütəmadi şəkildə iki, üç, beş ildən bir kimisə dəlicəsinə vurulmuşam. (gülür) Ya qarşılıqlı olmayıb, ya maddi imkanım olmayıb, yəni heç biri alınmayıb. Bu mənim alın yazımdır. Bəlkə də bundan sonra sevərəm, evlənərəm... Nə olsun 50 yaşım var? (gülür)

– Bundan sonra?

– Bəli... Açığı, indi mənimlə dostluq edən elə xanımlar var, fikirləşirəm ki, necə evlənməli, ailə qurulmalı insanlardır. Sadəcə, özümün ailə qurmağa imkanlarım məhduddur. O mənada ki, mən ehtiyac içində yaşamağı sevmirəm. Bəlkə imkan olar, yaxşı evim olar, səhhətimdəki problemlər düzələr, təzədən ailə quraram...

Çinarə Böyükçöl


Müəllif:

Oxşar xəbərlər