5 May 2017 13:55
3 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 2-də Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, xalq artisti Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, tədbirdə vaxtilə sənətkarla çalışmış həmkarları çıxış edərək görkəmli aktyor haqqında fikirlərini bölüşəcək, onun çəkildiyi filmlərdən və oynadığı rollardan kadrlar nümayiş etdiriləcək.

Tədbir ADGTT-nın kollektivi tərəfindən Yusif Vəliyevin məzarını ziyarət edilməsi ilə başlayacaq.

Yusif Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə anadan olub. Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələr, sözsüz rollar ifa edən aktyor eyni zamanda Yəhudi Dövlət Dram Teatrında da işləyib. Teatr Texnikumunu bitirəndə yenicə açılan Mirzə Ələkbər Sabir adına Nuxa (indiki Şəki) Dövlət Dram Teatrına işləməyə göndərilib.

1949-cu ilin yazında Bakıya gələn Yusif Vəliyev çox az müddət Rus Dram Teatrında aktyorluq edib. Əsas yaradıcılığı 1949-cu ilin axırlarından ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub.

Yusif Vəliyev "Azərbaycanfilm"in kinolarında epizod rollar oynasa da, çox maraqlı, yadda qalan xarakterlər yaradıb. O, "Zirvə" (Bələdçi), "Sən nə üçün yaşayırsan?" (Balıqçı), "Nəsimi" (Teymurləng), "Qatır Məmməd" (Halvaçı), "Tütək səsi" (Qılınc Qurban), "Arxadan vurulan zərbə" (Qurd Cəbrayıl), "Uşaqlığın son gecəsi" (İş icraçısı), "Bir cənub şəhərində" (Səfərəli) və sairə kinolentlərində çəkilib.

Sənətkar 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1979-cu ildə xalq artisti fəxri adları ilə təltif olunub.

Görkəmli aktyor 1980-ci il mart ayının 18-də vəfat edib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər