15 Mart 2018 08:46
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan regionun siyasi paytaxtı kimi çıxış edir. Artıq regionda ən mühüm siyasi və iqtisadi görüşlərin ünvanı uzun müddətdir ki, Bakıdır.

Bu fikirləri Teleqraf.com-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, Bakıda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov, Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstan Baş nazirinin müavini, Xarici İşlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçiriləcək:

“Bu yeni və maraqlı formatdır. Əslində belə bir format mövcud idi və indi İran da bu formata qoşulur. Dördtərəfli formatda əsasən, regional əməkdaşlıq məsələləri müzakirə ediləcək. Böyük ehtimalla görüşün sonunda ortaq bəyanat qəbul ediləcək və sənəddə Azərbaycanın ərazi bütövlüyü məsələsi vurğulanacaq. Bu çox önəmlidir. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə və hazırda işğal altında saxladığına görə, regional layihələrdən təcrid edilib. Bu Bakının addımları sayəsində mümkün olub. Bakı bu təcridi getdikcə gücləndirir. Bunu ermənilər daha yaxşı anlayır və bilir ki, regionun taleyüklü problemlərinin həllində İrəvan hər hansı bir formada iştirak etmir”.

Elxan Şahinoğlu əlavə edib ki, martın 14-dən 19-dək Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə VI illik Qlobal forum keçiriləcək:

“Bu Qlobal Forum Bakının ictimai-siyasi önəmini ortaya qoymaqdadır. Tədbirdə çoxlu sayda xarici ölkə liderləri, keçmiş prezidentlər, baş nazirlər iştirak edəcək. Onlar həm Azərbaycanda gedən proseslərlə tanış olurlar, həm də Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı informasiyalar alır. Düzdür, bu hərarətli siyasi tədbirlər hələlik Qarabağ münaqişəsinin həlli üçün kifayət etmir, amma bunun ciddi təsirləri var. Hazırda Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri fərqli ölkələrdə görüşlər keçirir. Biz çalışıb bu görüşlərin qarşısını almalıyıq. Çünki belə hallar Azərbaycan-Amerika əlaqələrinə mənfi təsir göstərir. Konqresdə çoxsaylı konqresmenlər var ki, özlərini Azərbaycanın dostları adlandırır. Onlar Bakıya da gəlirlər. Bu konqresmenlər saxta rejimin liderlərinin Konqresdəki görüşlərinə etiraz etməlidir. Biz həm konqresmenlərlə, həm də Bakıda baş tutan əhəmiyyətli görüşlər zamanı çalışmalıyıq ki, bu amillərdən Azərbaycanın xeyrinə istifadə edək”.

Politoloq qeyd edib ki, Bakıya səfərlər, paytaxtımıza keçirilən intensiv beynəlxalq tədbir və görüşlər Azərbaycanın maraqlarına tam uyğundur, Ermənistanı oyundankənar vəziyyətə salmaqla paralel olaraq Azərbaycan haqqında dünyada müsbət imic formalaşdırır:

“Burada çoxtərəfli iş aparılır. Azərbaycan beynəlxalq ictimaiyyətə təqdim edilir. Ölkə daxilində baş verənlər haqqında ətraflı informasiya verilir. İkincisi, Ermənistanın mühasirəsi gücləndirilir, düşmən beynəlxalq layihələrdən kənarda saxlanılır. Söhbət BTC, TAP, TANAP, Bakı-Tiflis-Qars, Şimal-Cənub Dəhlizi, İpək Yolu və digər layihələrdən gedir. Əgər ermənilər işğalçı siyasətdən əl çəksəydi, bu layihələrdən milyardlarla maliyyə əldə edərdilər. Yəni Gürcüstanın bu layihələrdən götürəcəyi dividentlər Ermənistanın olacaqdı. Söhbət milyardlarla dollardan gedir. İşğalçı siyasətə qalxdıqları üçün indi oyundan kənarda qalıblar. Ermənistanın bölgədə ən yaxın tərəfdaşları Rusiya və İran sayılır. Onlar belə dəmiryolunu Azərbaycan üzərindən çəkməyə üstünlük verirlər. Çünki Bakını mərkəz kimi artıq qəbul edirlər”.

Qeyd edək ki, martın 19-na qədər Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə VI illik Qlobal forum keçiriləcək. Forumun işində, həmişə olduğu kimi, dünya liderləri, hazırda vəzifədə olan və sabiq prezidentlər, baş nazirlər və xarici işlər nazirləri, həmçinin nüfuzlu ictimai xadimlər və siyasətçilər iştirak edəcəklər. Yeri gəlmişkən, onların arasında Albaniya, Makedoniya və Moldova prezidentləri - İlir Meta, Qeorqe İvanov və İqor Dodon, Bosniya və Herseqovina Ali Şurası Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, Xarici İşlər naziri Mövlud Çavuşoqlu, Fələstin Baş nazirinin müavini Ziad Əbu Əmr, Bosniya və Herseqovina Baş nazirinin müavini Mirko Şaroviç, Rumıniya Baş nazirinin müavini Ana Birçall və başqaları var.

Bundan başqa, bu gün Bakıda İran, Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü planlaşdırılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər