18 Yanvar 2019 15:32
1 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ilə müsahibəni təqdim edir:

- Avropa Parlamenti tərəfindən qəbul edilən “Azərbaycanda Mehman Hüseynovun işi” adlı qətnamə barədə fikirləriniz nədən ibarətdir?

- Avropa Parlamentində çox fəal erməni lobbisi Azərbaycana qarşı informasiya müharibəsi aparır. İstənilən fürsətdən istifadə edərək onu Azərbaycana qarşı çevirirlər. Hətta korrupsiya bağları olan bəzi avropalı siyasətçilərin erməni diasporu ilə birgə bu prosesdə iştirakına dair şübhələr var. Beynəlxalq təşkilatlarda erməni diasporunun fəaliyyətinin ciddi şəkildə araşdırılmasının vaxtı çatıb. Azərbaycan ona qarşı aparılan informasiya müharibəsinə çox ciddi yanaşmalıdır. Bu müharibədə bütün imkanlardan istifadə edərək ermənilərlə və Azərbaycanı sevməyən digər qüvvələrlə mübarizə aparıb onları ifşa etmək lazımdır.

- Mübarizə üsulları ilə bağlı konkret təklifləriniz nələrdir?

- Bu istiqamətdə əsasən diplomatiya, parlament, diaspor və bir sıra digər səviyyələrdə informasiya müharibəsində fəal iştirakı nəzərdə tuturam.

- Mehman Hüseynov özü aclığı dayandırdığını bəyan edib. Onunla bağlı məsələnin qabardırılmasını necə qiymətləndirirsiniz?

- Onlar hər fürsətdən istifadə edib Azərbaycana qarşı təzyiq göstərirlər. Məqsəd ondan ibarətdir ki, ermənilərin Azərbaycan dövlətinin tərkibində yaşaya bilməyəcəklərini sübut etsinlər. İddia edirlər ki, buna görə də Qarabağ Azərbaycan ayrılmalıdır. Erməni qüvvələrinin əsas hədəf budur.

- Mehman Hüseynov ətrafında yaranan ajiotaja münasibətiniz necədir?

- Bu da eyni sistemin tərkib hissəsidir. İstənilən problemi şişirdib Azərbaycana qarşı istifadə etmək məqsədi güdürlər.

- Qətnamədə xüsusi ağırlıq verilən məqamlardan biri Azərbaycan gey, lesbian və digər seksual azlıqların və ya LGBT icması adlanan şəxslərin hüquqlarının müdafiəsidir. Bununla bağlı fikirləriniz nədir?

- Azərbaycana qarşı informasiya müharibəsində hər şeydən istifadə etməyə çalışırlar, nə addım atılsa, onu da yozub əleyhimizə istifadə edəcəklər. Azərbaycanın üzərindən quş uçsa belə deyəcəklər ki, diktatura olduğuna görə quşlar sağdan yox, soldan uçurlar. Bu cür absurd yanaşmalar sərgiləyəcəklər. Bütün bunlar informasiya müharibəsinin simptomlarıdır.

- Ötən gün Azərbaycanda səfərdə olan İranın Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqerinin Qarabağla bağlı bəyanatını necə qiymətləndirirsiniz?

- Ermənistanda İran səfirliyinin hərbi ataşesi bəyanat verib ki, İranın Qarabağ münaqişəsi ilə bağlı balanslı hərbi siyasəti var. Mənə elə gəlir bu bəyanatı ciddi şəkildə nəzərə almaq lazımdır ki, İrəvanda İran hərbi attaşesi kiminlə balans qurur və məqsəd nədir. Bu, çox təhlükəli bəyanatdır və bu sualların İran hökumətinə ünvanlanmasını istərdim. İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerininin Bakıya gəlməsini növbəti səfərlərdən biri sayıram. Onun Qarabağla bağlı mesajlarına gəlincə, İrəvanda bir söz deyirlər, Bakıda başqa cür danışırlar. Ona görə də müəmmalı vəziyyət yaranıb, araşdırmaq lazımdır ki, nə üçün özünü İslam dövləti adlandıran İran yüz minlərlə müsəlmanı didərgin salan Ermənistanla balanslı hərbi siyasət aparır.

- Türkiyə ilə Azərbaycanın münasibətlərinin hazırkı durumunu necə xarakterizə edərdiniz?

- Azərbaycanla Türkiyənin münasibətləri “bir millət, iki dövlət” düsturu ilə hərtərəfli əməkdaşlıq və qardaşlıq şəklində davam etdirilir. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Azərbaycan və Türkiyə öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birlərinə dəstək olduqlarını nümayiş etdiriblər. Azərbaycan-Türkiyə münasibətlərinin inkşafında hər iki tərəf maraqlıdır. Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artması deməkdir. Ona görə də bu iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişafı zəruridir. Dünyada heç bir ölkə ilə Azərbaycanın Türkiyə ilə olan münasibətləri mövcud deyil. Hər iki ölkə birlikdə dünya üçün çox mühüm enerji və nəqliyyat layihələri həyata keçirir. Azərbaycan və Türkiyə dünyanın hal-hazırda çox təhlükəli bir şəraitdə və vəziyyətdə olan xalqları və ölkələri üçün müvafiq bir inkişaf modelidir. Bu, bir işıqlı yoldur. Biz həmin xalqlara və ölkələrə təklif edirik ki, müasirlik və demokratiyaya əsaslanan dövlətlər kimi inkişaf etsinlər. Mənə elə gəlir ki, bu model bütün dünya üçün çox önəmlidir. Gələcəkdə təkcə bizim bölgədə deyil, dünyada sabitliyin və inkişafın təməl sistemini formalaşdıra bilən Azərbaycan-Türkiyə birliyi vacibdir.

- Fransanın sabiq prezidenti Nikola Sarkozinin bu günlərdə Azərbaycana səfəri müxtəlif cür yozulur. “Sarı jiletlilər”in etirazından sonra nüfuzu sarsılan indiki prezident Emmanuel Makronun vəziyyətindən yararlanan Sarkozi bir sıra ölkələrə səfərlər edir, yenidən hakimiyyətə gəlmək şansını artırır. Sizin Sarkozinin səfəri ilə bağlı qənaətiniz nədir?

- Azərbaycanla Fransa arasında münasibətləri daha da möhkəmləndirmək dövlətimizin maraqlarına daxildir. Azərbaycan hər zaman Fransaya müsbət yanaşır. Eyni zamanda Avropa Birliyi ölkələri arasında Fransada ən böyük erməni diasporu var və həmin diaspora Azərbaycanla ciddi informasiya müharibəsi aparır. Bu proseslərdə Azərbaycanla birgə olmaq istəyən, bizimlə dostluq münasibətlərini daha da inkişaf etdirmək niyyətində olan istənilən Fransa siyasətçisinin fəaliyyətinə müsbət yanaşırıq. Onu da qeyd edim ki, Fransanın daxili siyasəti ilə bağlı bir söz deyə bilmərəm, yəni kim harada necə yaranmış vəziyyətdən istifadə etmək istəyir. Bizi maraqlandıran Azərbaycan-Fransa münasibətlərinin məhz müsbət istiqamətdə inkişafı ilə bağlıdır və erməni diasporunun apardığı informasiya müharibəsinin qarşısını almaqdır.

- Fransa tərəfindən bu münasibəti görmürük. Prezident Emmanuel Makron Ermənistana 4 günlük səfər elədi, əksinə Bakı səfəri təxirə düşdü, Fransa Xarici İşlər Nazirliyi Mehman Hüseynov məsələsinə reaksiya verdi və sair. Bütün bunları necə anlamaq olar?

- Deməli, bu proseslərin arxasında kimlərsə dayanıb. Ona görə bu məsələ ciddi araşdırılmalıdır. Biz hamı ilə dostluq, tərəfdaşlıq və əməkdaşlıq siyasəti yürüdürük, dövlətimizə qarşı aparılan informasiya müharibəsindən xəbərimiz var. Avropa ölkələrində siyasi korrupsiya mövcuddur ki, ondan bəhrələnən erməni diasporu öz lobbi təşkilatları vasitəsilə hətta korrupsiya proseslərində iştirak edir. Neqativ proseslərin arxasında siyasi korrupsiyanı istisna etmirəm. Söhbət hansısa zəngin diasporun maliyyəsindən gedir ki, bunun barəsində təhlil aparılmalı və həmin ölkələrin ictimaiyyətinin diqqətini bu proseslərə yönəltmək zəruridir.


Müəllif: Nərgiz