Teleqraf.com-un suallarının “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
- AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və yazar Zümrüd Yağmurun qızı Selcan Yağmurun atası tərəfindən zorakılığa məruz qaldıqlarına dair Feysbukdakı statusu geniş müzakirələrə səbəb olub. Selcanın fikirlərini Siz necə qarşıladınız?
- Selcanın yazdıqlarından hamı kimi mən də şoka düşdüm. Ailə içi belədir, cəmiyyətdə həmişə fərqli görürsən. Sözün düzü, vəziyyətin belə olduğunu bilmirdim. Nə Zümrüd xanım yazılarında, nə də qızları bu barədə bəyan eləmişdilər. Yaxınlığım da yox idi deyə məlumatlı deyildim. Bu baxımdan informasiya hamını şoka saldı. Çünki Fuad Qəhrəmanlıya simpatiyası olanlar da, siyasi əqidəsinə görə kənara çəkilənlər də var idi, amma bu hadisə kifayət qədər ciddi mesaj idi. Bu insanın həyatı keşməkeşli olub, çətin keçib, amma dəyərlərə, prinsiplərə, insan haqlarına hörmət məsələsini qaldıran, zorakılığa qarşı çıxan adam etiraf etsəydi, daha güclü görünərdi. Belə olsaydı, bəlkə də hadisə ilə bağlı belə müzakirələr açılmazdı. Zümrüd xanım öz fikrini ifadə etməyi bacaran, başqalarını müdafiə etmək gücündə olan, dəyərlər sisteminə bağlı xanımdır, o, ya qızlarını böyütmək üçün ənənəvi olaraq bu barədə susub, ya da zorakılıq sonrakı mərhələdə başlayıb. Mənə müraciət yoxdur, detalları bilmirəm. Bu hay-küyün içində reallığı görməyə çalışıram. Adətən, ictimai xadim olduqları üçün belə məsələlərdə maraqlı tərəflər çox olur, hərə öz marağına uyğun şərh vermək istəyir. Açıqlamaları ilə dolayısı ilə hər iki tərəf faktı təsdiqləyir. Məsələyə obyektiv yanaşma ortaya qoymaq istəyirəm, başa düşürəm ki, həyatı ağır keçib, ailə qayğısı görməyib, ailə həbsxanaya gedib-gəlib. Bunları anlayıram, amma zorakılığa heç cür bəraət vermək mümkün deyil. Bu prosesdə Fuad Qəhrəmanlı çıxıb etiraf etsəydi, onu güclü görərdim. Partiya sədrinin müavini səviyyəsi ciddi statusdur, o statusda olan adam etiraf etməyi bacarmalıdır. Hələ Zümrüd xanımın ciddi bəyanatı da yoxdur, ona görə də müəmmalı məsələdir. Zümrüd Yağmur aciz deyil, vaxtında müraciət etmək imkanları vardı, hüquqi prosedurlardan xəbərdardır, niyə müraciət edilməyib, bu, aydın deyil. Ya qızlarına görəmi, yoxsa ictimai xanım olduğuna görəmi. Adətən, ictimai xanımlar zorakılıq faktlarını gizli saxlayırlar. Özləri bu məsələyə qarşı çıxıb bu barədə danışırlar, amma öz həyatlarını dəyişməyə bəzən gücləri çatmır. Selcan isə həyatını dəyişməyə cəhd göstərdi. Başqalarını müdafiədən, danışmaqdan yox, ilk növbədə özündən başladı. Feysbukda bəzi adamlar yazıb ki, nəhayət, bunu etdiniz. Deməli, proses uzun müddət gedirmiş. Bəlkə də vaxtında psixoloqa müraciət etmək lazım idi, ailə birgə iştirak edə bilərdi. İctimai fiqur olduqlarına görə bu xidmətlər barədə məlumatlı idilər. Bəlkə də həyatlarını psixoloqa da etibar etməyiblər. Ancaq belə təhlükəli vəziyyətdə necə yaşayıblar? Müəmmalı və qarışıq məsələlər var. Selcanı dəstəkləyən də, söyən də çoxdur. Birinci bu uşaq yox, Zümrüd xanım çıxıb bəyanat verməlidir, özü məsələyə aydınlıq gətirməlidir. Selcan fikirlərini aydın, səlis ifadə edib, amma Zümrüd xanım tam axıra qədər hələ də fikirlərini söyləməyib. Bu da müəmma yaradır.
- Hər ikisinin ictimai şəxs olduğunu vurğuladınız, belə olan halda necə davranmalı idilər, onların hansı mənəvi və hüquqi məsuliyyəti var?
- Bir var ekspertsən, ictimai şəxs sayılırsan, bir də var hakimiyyətə iddialısan, bunlar başqa şeylərdir. Bu baxımdan sabah vətəndaşların zorakılığına bəraət verə bilərsən ki, ailədir, qadın döyülə, söyülə bilər. İctimai şəxslərin fərqli pozisiyaları var. Nə etməli idilər? Ya normal şəkildə vaxtında bu məsələləri dayandırmalı, ayrılmalı idilər, ya da mütəxəssisə müraciət etməliydilər. Ola bilsin, mütəxəssis müdaxiləsi olsaydı, bəlkə də fərqli situasiya olardı. Düşüncə tərzi məsələsi var, ola bilsin, Fuad Qəhrəmanlı ənənəvi, qızı isə Avropa düşüncə tərzinə malikdir, bunu həzm edə bilmir və zorakı yolla bunu dəyişmək istəyir.
- Yeri gəlmişkən, Fuad Qəhrəmanlı həbsdə olduğu dönəmdə qızının formalaşmasında iştirak edə bilmədiyini, feminist düşüncəsində böyüdüyünü əsas gətirir...
- Fərqli düşüncələrin toqquşması baş verib. Biri tam Avropa, biri də milli düşüncəlidir. Bu düşüncələr bir-birinə əks gedəndə çox ciddi konfliktlər yaranır, sıravi ailələrdə də belədir. Feminist düşüncəsi deyəndə, “feminizm” qadın və kişi bərabərliyidir, siyasi partiyaların platformasında da bu, əksini tapıb, Konstitusiyada da qadın və kişi bərabərliyini təbliğ edir. Feminist deyəndə biz qorxuruq, bu söz qıcıq yaradır, əslində burada qorxulu və təhlükəli bir şey yoxdur. Fuad Qəhrəmanlı kifayət qədər mütaliə edən adam kimi feminizmin nə olduğunu bilməlidir. Radikal feminizmdən danışılmır ki. Burada söhbət adi feminist düşüncəsindən, yəni qadının qərar qəbul edilməsində iştirakından gedir. Uşaqlar evdəki qərar qəbuletmədən kənarlaşdırılırsa, yalnız bir adam qərar qəbul edirsə, düşüncə tərzi fərqli olan və özünü ifadə edən adam üçün bu, kifayət qədər psixoloji problem yaradır. Məsələn, Selcan ola bilsin o proseslərə cəlb edilmədiyi üçün özünü yararsız hesab edib, bunu şəxsiyyətinin aşağılanması kimi qəbul edib. Görürsünüzmü, vizual görüntüdə çox azaddırlar, amma deyilənlərdən belə çıxır ki, zorakılıq var. Zorakılıq adamı cılızlaşdırır, acizləşdirir, amma bu adamlar fikrini müstəqil ifadə edən adamlar idi axı. O baxımdan yenə də deyirəm məsələ tam aydın deyil. Hər halda uşağa qarşı bu cür basqının əleyhinəyəm, zorakılığı ifadə edibsə, çox yaxşıdır. Fuad Qəhrəmanlı da gərək etiraf edib daha güclü görünərdi, adamların qızının üstünə düşməsinin qarşısını ata olaraq almalı idi. Deyə bilərdi ki, mənim övladıma qarşı yanlışlıqlarım olub. Belə addım atardısa, hamının münasibəti fərqli olardı, rəğbət doğurardı.
- Atası Selcanı uşaq kimi xarakterizə edərək fikirlərini emosiyalara qapılması ilə əsaslandır. Bunu emosiyaların təsiri altında yazılan status kimi qiymətləndirmək olarmı?
- Təbii ki, o yaşdakı uşaqlarda emosional dəyişiklik, yaxud emosiyaların təsiri altında fikir səsləndirmək normal bir şeydir. Başqa ölkəyə gedib, fərqli mədəniyyət və münasibəti görüb, xırda şeylər belə ona zorakılıq kimi görünə, ənənəvi Azərbaycan ailəsinin zorakı davranışını fərqli görüb emosiyaya qapılıb yaza bilərdi. Ancaq onun dedikləri daha qəddar münasibətdən xəbər verir. Mən Fuad Qəhrəmanlının yerində olsam, çıxıb qızımı müdafiə edib deyərdim ki, bəli, davranışımda yanlışlıq olub, düşüncə tərzimiz toqquşur, özüm emosionalam. Bu adam çətin həyat keçirib və bunu etiraf etsəydi, proses dayanar, anlaşılardı. Amma bunun əksinə basqılar, susdurmağa çalışmaq vəziyyəti qəlizləşdirdi. Bu hay-küydə fikir bildirmək də çətindir. Selcanın anası deyir qızımın yanındayam, digər faktları hələ təsdiqləmir.
- Belə fikirlər də səslənir ki, bu, ailədaxili məsələdir, ictimai müzakirəsi olmamalıdır. Bununla nə dərəcədə razılaşırsınız?
- Bunun qəti əleyhinəyəm, düşünürəm ki, yanlış yanaşmadır. Həmin tərəf başqaları zorakılığa məruz qalanda müəyyən qurumları kifayət qədər tənqid atəşinə tuturlar. Necə olur ki, bir qrup üçün bu, ailədaxili məsələ deyil, amma məhz siyasi dünyagörüşünə görə ailədaxilidir? Çox yanlış mesajdır. Olub da hadisələr, həmin siyasi partiyadakı qadınların ailədaxili zorakılığın qurbanlarının müdafiəsinə qalxdığını görmüşük, indi niyə bu, ailəiçi olur? Ümumiyyətlə, beynəlxalq konvensiyalara görə, ailədə baş verənlər, qadına qarşı zorakılıq insan hüquqları pozuntusudur, bu, artıq fərdi məsələ deyil, insan haqları məsələsidir. Qanun hamı üçün eynidirsə, siyasi, sosial statusundan asılı olmayaraq, hər kəs bu məsələdə cavab verməyə hazır olmalıdır.
- Suallardan biri də budur: Selcan düzgün addım atıbmı və uzun illərdir yaşananları niyə indi açıqlayır? Bu, hansı situasiyanın işarəsidir?
- Ola bilsin, cürət etməyib. Mənə müraciət olmayıb, konkret fəsadlar görməmişəm, ona görə deyə bilmərəm ki, təhlükə olub deyə burada yazmayıb. Həqiqətən sual doğurur: bu qədər cürətli qız niyə hüquq-mühafizə orqanlarına müraciət etməyib? Müraciət etmək gücündə ola bilərdi. İstəmirəm ki, kimsə fikirlərimi hansısa siyasi partiya, yaxud quruma qarşı qərəzli mövqe kimi qiymətləndirsin. Amma doğrudan da sual ortaya çıxır. Ya burada yenə də mental məsələdir, o atası ilə bir evdə olub, xaricdə təhsil alması məhdudlaşdırıla bilərdi və s., Amma müxtəlif elektron vasitələr var ki, müraciət etmək mümkündür. Qəribə təzadlar var, bu hay-küyün içində məsələyə münasibət bildirməyə bir az çəkinirəm. Elina Hacıyeva məsələsində belə hay-küy qopdu, reallığı görmək imkanını məhdudlaşdırdı, burada da hay-küy qopur, biz reallığı görə bilmirik. Həqiqət o zaman ortaya çıxacaq ki, Zümrüd Yağmur çıxıb bəyanat verəcək.