9 Oktyabr 2019 15:36
1 980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər partiyanın yaxın günlərdə keçiriləcək qurultayı üçün namizədini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, İsa Qəmbər Müsavatın indiki başqanını dəstəklədiyini bildirib:

“Qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır. Arif Hacılı Azərbaycanımızın ən təcrübəli, ən parlaq bioqrafiyaya malik siyasətçilərindən biridir”.

İsa Qəmbər seçimini belə izah edib: “Mənim seçimim Arif Hacılı ilə 30 illik dostluğumuza da bağlı deyil. Bu seçim dostluğa bağlı olsaydı, mən bunu Arif Hacılının bəlkə də mənim köməyimə ehtiyacı olduğu 2014-cü ildə nümayiş etdirərdim. İndi isə mən əminəm ki, mövqeyimi bəyan etməsəm də 9-cu qurultayda başqan seçkilərinin qalibi bəllidir”.

Qeyd edək ki, Müsavat başqanlığına digər namizədlər Tofiq Yaqublu və Yadigar Sadıqlıdır. İsa Qəmbərin namizədlərdən birinə açıq dəstəyi ciddi narazılığa səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu