Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə rəsmi səfəri Rusiya dövlət rəhbərliyinin dəvəti ilə baş tutub və çox səmərəli bir səfər kimi tarixə düşüb. Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir. Bu münasibətlər ölkə başçıları arasında dostluq münasibətlərinə əsaslanır və iki ölkə arasındakı münasibətlərin tarixi köklərinə söykənir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov deyib.
O qeyd edib ki, Mehriban Əliyevanın səfəri bu münasibətləri daha da möhkəmləndirir və iki ölkə arasındakı strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşməsini şərtləndirir:
“Mehriban Əliyeva səfər çərçivəsində Rusiya hökumətinin başçısı Dmitri Medvedyevlə, Federasiya Şurasının sədri Valentina Matviyenko ilə, Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə ikitərəfli görüşlər keçirib. Biz bu görüşlərdə Rusiya dövlət rəhbərlərinin Azərbaycana böyük önəm verdiklərini gördük. Yəni, burada Rusiyanın gələcək illərdə də Azərbaycanla əməkdaşlıq etmək və əlaqələri daha da genişləndirmək niyyətində olduğunun da bir daha şahidi olduq. Azərbaycan bu gün Rusiya Federasiyasının subyektləri ilə ikitərəfli əlaqələr qurur. Hazırda Azərbaycanla olan iqtisadi əlaqələrin səviyyəsinə diqqət yetirsək görərik ki, ölkələrimiz arasındakı əlaqələr müsbət inkişaf dinamikasını qoruyub saxlayır. Bu gün Azərbaycanda 700-dən çox rus kapitallı şirkət fəaliyyət göstərir. Rusiya Azərbaycana 4,6 milyard dollardan çox sərmayə yatırıb. Azərbaycan isə Rusiya iqtisadiyyatına 1,2 milyard dollardan çox sərmayə qoyub”.
A.Badamov bildirib ki, Rusiya Azərbaycanın ən böyük qeyri-neft məhsulları ixrac etdiyi ölkədir:
“Bu gün Azərbaycanla Rusiya arasında ümumi ticarət dövriyyəsinin həcmi 2,6 milyard dollardan artıqdır. Amma potensial kifayət qədər çoxdur və Mehriban Əliyevanın Rusiyaya səfəri qeyri-neft sektoru istiqamətində əməkdaşlıq imkanlarının daha da artmasına gətirib çıxaracaq. Mehriban Əliyevanın iştirakı ilə keçirilən Rusiya-Azərbaycan X regionlararası forum bunu deməyə imkan verir”.
Deputat əlavə edib ki, bu forumda həm Rusiyadan, həm də Azərbaycandan çoxlu sayda biznes nümayəndələri iştirak edib:
“Bu forumda Rusiyanın ayrı-ayrı subyektləri ilə yeni ticari əlaqələrin qurulması istiqamətində imkanlar ortaya qoyulub. Rusiyanın Azərbaycanda inşa edilən yeni sənaye parklarında açılışı olmuş və istifadəyə veriləcək müştərək müəssisələr də iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etməsinə gətirib çıxaracaq. Düşünürəm ki, gələcək illərdə Mehriban Əliyevanın Rusiya Federasiyasına etdiyi səfər Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək. Bu əlaqələr həm iqtisadi sahəni, həm humanitar sahəni əhatə edir, mədəni və digər sahələrdə öz əksini tapır. Düşünürəm ki, bütün sahələr hər iki ölkə üçün önəmlidir və bu sahələrdə əməkdaşlıq imkanları daha da genişlənəcək”.