Büdcə layihəsinə edilən dəyişikliklər insanların sosial rifahının yaxşılaşmasına xidmət edir. 2019-cu ilin sonunda dövlət büdcəsi hazırlanarkən və sonradan təsdiq olunarkan pandemiya haqqında heç bir təsəvvür yox idi. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi büdcənin gəlir hissəsində azalmalara gətirib çıxardı. Pandemiya səbəbindən iş yerlərinin bağlanması, bir sıra iqtisadi proseslərin dayanması eyni zamanda qeyri-neft sektorunun da gəlirlərini azaltmış oldu.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili bildirib ki, dürüstləşdirilmiş büdcənin gəlirlər hissəsi əsasən qeyri-neft sektorundan gələn gəlirlərin azaldılması, Neftin Fondunun transferdən payının çoxaldılması ilə təmin edildi:
"İlin sonuna qədər büdcənin gəlirlər hissəsində də heç bir problem olmayacaq. büdcənin xərclər hisəsində də artım nəzərdə tutulub. 2019-cu ildə təsdiq edilmiş büdcə xərclərinə əlavə 597 milyon manat əlavə edildi. Bu da günün çağırışlarına uyğun olaraq pandemiyanın təsirlərini minimumlaşdırmaq məqsədilə edildi. Eyni zamanda bu addım koranavirusa qarşı uğurlu mübarizə aparmaq və insanların sosial rifahının təmin edilməsinə xidmət edir. Ölkədə iqtisadi faəllığın qorunması, qeyri-neft sektoruna dövlət dəstəyinin göstərilməsi, vətəndaşların sosial rifahının həyata keçirilməsi üçün bütün zəruri addımlar atılır. Özünüməşğulluq proqramına cəlb edilmiş insanların sayının 12 minə çatdırılması, ünvanlı sosial yardım alacaq ailələrin əhatəsinin genişləndirilməsi, 2 milyondan çox vətəndaşımızın sosial təminat məsəllərinin davamlı şəkildə icra olunması imkanları da ortaya qoyuldu. Dövlət sektorunda çalışan 910 min (80 faiz) insana işləmədən maaş verilməsi, özəl sektorda çalışan 760 min insanın isə iş yerlərinin qorunması və əməkhaqlarının ödənilməsi atılan addımların tərkib hissəsidir.
Deputat qeyd edib ki, dövlət büdcəsinin 42 faizdən çox hissəsi sosial xərcələr üçün nəzərdə tutulub:
“Bu, həm sosial infrastruktur layihələrinin davam etdirilməsinə, həm də insanların sosial təminatına yönəlib. Bununla yanaşı ilin əvvəlində nəzərdə tutulmuş bütün sosial infrastruktur layihələri icra olunur. İlin sonuna qədər də bütün layihələr icra olunacaq və heç biri təxirə salınmayacaq”.
Azər Badamov əlavə edib ki, cənab Prezidentin bölgələrə səfərləri zamanı açılışını etdiyi infrastruktur layihələri, ASAN Xidmət, mədəniyyət mərkəzləri, yol infrastrukturu layihələri pandemiya şəraitinə baxmayaraq yüksək səviyyədə icra olunur:
“Pandemiyanın ölkələrin həyatında böyük əngəllər, xərclər yaratdığı, sosial layihələrin təxirə salındığı bir dövrdə Azərbaycan bu gün nəzərdə tutulmuş bütün sosial infrastruktur layihələrini tam şəkildə təmin edir. Çünki ölkə başçısının rəhbərliyi ilə bu illər ərzində həyata keçirilən sosial-iqtisadi siyasət uğurlu olub. Ölkəmizin kifayət qədər maliyyə ehtiyyatları yaranmışdır ki, böhranlı şəraitdə belə uğurlu addımlar atmağımız təmin edilsin. Sosial xidmət sahəsində də nəzərdə tutulan işlər dayandırılmayıb. Taksi faəliyyətinin və yeni taksi parkının formalaşdırılması istiqamətində görülən uğurlu işlər davam edir. Yeni iş yerlərinin və müasir infrastrukturun xidmət sektoruna cəlb edilməsi baxımından mühüm addımlar atılır. Azərbaycan dövləti sosial dövlətdir. Dövlət siyasətinin təməlində sosial siyasət əsas yerdə dayanır. Cənab Prezidentin həyata keçirdiyi siyasətin təməlində insan faktoru əsas yerdədir”.