“Şeverdnadze dövründə özbaşınalıq idi, etnik azlıqlara hörmət olunmurdu. Saakaşvili dönəmində isə milli və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqları bərabərləşdirildi. Buna görə də, Saakaşvili xalq üçün bir fenomenə çevrilmişdi”.
Gürcüstanlı ictimai fəal Samirə Bayramovanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Borçalıda durum necədir, ümumən Gürcüstanda yaşayan azərbaycanlıların əsas problemləri nələrdir?
- Əsas problemlər deyəndə, insan üçün əsas amil onun sosial rifahıdır. Gürcüstanda yaşayan azərbaycanlıların da bu sahədə ciddi problemləri var. İcmalarda, kəndlərdə içməli su, yol problemləri mövcuddur. Demək olar ki, yollar bərbad vəziyyətdədir, məktəblərin də durumu yaxşı deyil. Eləcə də, transportların, mədəniyyət mərkəzlərinin olmaması, gənclərin özlərini inkişaf etdirməsi və formalaşdırması üçün imkanların məhdud olması, park, idman və sağlamlıq mərkəzlərinin yetəri qədər olmaması da bura daxildir. Təəssüf ki, gənclərimizin sağlam bir fərd və vətəndaş kimi yetişmələri və formalaşmaları üçün belə imkanları yoxdur.
Gürcü dilinin kifayət qədər mənimsənilməməsi məsələsini, azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatındakı proseslərdən tamamilə kənar olmasını və s. məsələləri də bura qatmaq olar.
- Sizin də dediyiniz kimi soydaşlarımız Gürcüstanın siyasi həyatında o qədər də fəal deyillər. Bunun səbəbləri nədir?
- Demək olar ki, siyasətçilərimiz Gürcüstanın ümumi siyasi həyatında yoxdurlar, fəalliyyətləri ilə diqqət çəkmirlər. Yəni dövlətin qərarverici proseslərindəki iştirakı sıfıra bərabərdir. Sadəcə simvolik olaraq, bir neçə dövlət qurumunda təmsil olunurlar. İstər şəhər meriyaları, istər regional rəhbərliklər, istər hansısa nazirliyin bölgədəki strukturları, istərsə də parlamentdə olsun – bütün bu kimi qurumlardakı rolların hamısı rəmzi xarakterə malikdir. Təsəvvür edin ki, son 30 ildə Gürcüstan parlamentində azərbaycanlı deputatlar tərəfindən hansısa qanun layihəsi irəli sürülməyib və millət vəkillərimiz hər hansı bir problemə reaksiya verə bilməyiblər.
Təəssüf ki, Gürcüstanda sistemi Dövlət Təhlükəsizlik Xidməti və polis idarə edir. Buna görə də, azərbaycanlıların daxili siyasətdə yer almaları çox çətindir. O da təəssüfləndirici məqamdır ki, Gürcüstan dövlət qurumlarındakı fəaliyyətləri rəmzi xarakter daşıyanlar fəal gənclərimizə əngəllər yaradırlar. İstəmirlər ki, gənclər onların yerlərini tutsunlar.
- Bəs soydaşlarımızın Gürcüstanın mədəni həyatındakı rolu nə qədərdir?
- Son illərdə soydaşlarımız arasında ali təhsil alanların sayı müyyən qədər artıb. Az da olsa, gənclərimizin Gürcüstanın mədəni həyatında rolları var. Məsələn, Gürcüstanın bir neçə məşhur televiziyası bizim milli bayramlarımız haqda maraqlı süjetlər hazırlayır, eyni zamanda, gənclərimiz inteqrasiya prosesində iştirak edirlər. Amma tam olaraq, real mədəni rolun zəif olduğunu deyə bilərəm. Bu da onunla əlaqədardır ki, inteqrasiya prosesi çox zəif gedir. Gürcüstandakı etnik azlıqların öz mədəniyyətlərini genişləndirmək və inkişaf etdirmək üçün imkanları yoxdur. Dediyim kimi, bunun olması üçün mədəniyyət evləri işləmir, mövcud olan belə mərkəzlərdə isə yer ayrılmır.
Gürcüstanda yaşayan soydaşlarımız qanunla bu ölkənin bərabərhüquqlu vətəndaşlarıdır. Amma təəssüf ki, əgər biz öz mədəniyyətimizi qorumaq və genişləndirmək istəyiriksə, bunları öz vəsaitlərimiz hesabına edirik. Ya da Azərbaycan və ya xarici qurumlara müraciət edirik ki, bizə bu sahədə kömək olsunlar.
- Yaradıcı gənclər varmı?
- Yaradıcı gənclərimizin sayı qənaətbəxş deyil. Amma son illərlə müqayisədə sayları bir qədər artıb. Məsələn, ədəbiyyat sahəsində Oqtay Kazımovun adını çəkə bilərəm. O, gürcü dili və ədəbiyyatını mükəmməl, dərindən bilməsi ilə seçilir. Onun Gürcüstanın ədəbi proseslərində yaxından iştirak etməsi, bu ölkədə yaşayan soydaşlarımız üçün yenilikdir.
Təəssüf ki, yaradıcı, istedadlı gənclərimizin özlərini göstərməsi onların şəxsi vəsaitlərindən asılıdır. Nə qədər vəsait xərcləyirlərsə, bir o qədər də özlərini göstərə bilirlər.
- Bəs soydaşlarımız arasında məşğulluq nə qədərdir, nə ilə dolanırlar?
- Gürcüstanda təkcə azərbaycanlılar yox, digər etnik azlıqların nümayəndələri dövlət sektorlarında çox az yer alırlar, işləyirlər. Belələrinin sayı kifayət qədər azdır. Məsələn, azərbaycanlılar Marneulidə kompakt şəkildə yaşayırlar. Bölgə əhalisinin 85 faizi azərbaycanlıdır. Amma onların heç 5 faizi yerli idarəetmə və ya dövlət sektorunda işləmir.
Məşğulluğa gəldikdə, soydaşlarımız işləmək üçün əsasən xarici ölklərə üz tuturlar, belə işlər də mövsümi xarakter daşıyır, yəni bir mövsümü işləyib yenidən qayıdırlar. Soydaşlarımız əsasən əkin-biçinlə - kənd təsərrüfatı və ticarətlə məşğuldurlar.
- Boraçılda təhsilə maraq necədir?
- Borçalıda təhsilə maraq 2010-cu ildə icrasına başlanılan təhsil proqramından (“1+4”) sonra başladı. Həmin proqram onlara imkan verir ki, öz bilik və bacarıqlarını azərbaycan dilində göstərsinlər, təhsil alsınlar və imtahan versinlər. Əgər imtahanlarda gürcü dilindən uğurla keçirlərsə, avtomatik olaraq, dövlət universitetlərinə qəbul olunurlar. Artıq 6-7 min tələbə var ki, “1+4” proqramı ilə universitetə qəbul ediliblər. Baxmayaraq ki, gürcü dili pulsuz olmalıdır, amma bir illik kurs ödənişlidir. Biz də indi bunun üzərində çalışırıq, mübarizə aparırıq ki, universitetdən əvvəl keçilən bir illik gürcü dili kursu pulsuz olsun.
Tələbələrimizin təhsil haqlarının ödənilməsində Azərbaycan yardım edir. Təhsil haqqı məsələsi də, bir başqa problemdir. Əgər biz Gürcüstanın vətəndaşıyıqsa, orada vergi ödəyiciyiksə, o zaman bu məsələnin həllini də qonşu ölkə üzərinə götürməməlidir.
- Gürcüstanın siyasi çevrələri Ermənistana daha yaxınmış kimi görünür. Məsələn, bu yaxınlarda Ermənistan prezidenti səfərdə olarkən, Türkiyə ilə bağlı təxribata əl atdı, gürcü həmkarı isə buna göz yumdu. Halbuki Azərbaycan Gürcüstana investisiya yatıran ölkələr sırasında liderdir, eyni zamanda Türkiyə. Üstəgəl, Gürcüstan Azərbaycanın reallaşdırdığı enerji layihələrindən qazanclar əldə edir. Belədirsə, Gürcüstanın siyasi çevrələri niyə Ermənistanı özünə daha yaxın bilir?
- Qarabağdakı müharibə zamanı Gürcüstan qonşu ölkə kimi neytral mövq tutdu. Bəlkə də, bu, ən yaxşı seçim idi. Gürcüstandan ermənilərə siyasi dəstək verilməsi məsələsi ilə sizinlə razılaşmıram. Çünki belə hallar o qədər də təkrarlanmır. Bəli, Ermənistan prezidenti Tiflisdə olarkən belə bir addım atdı. Türkiyənin Gürcüstandakı səfirliyi də buna öz etirazını bildirdi. Ümumiyyətlə, xarici siyasətlə bir çox məsələ var ki, Gürcüstan bununla bağlı mövqe bildirməkdən çəkinir.
Siyasətdə hansısa bir ölkəni özünə yaxın bilməyin hansı reallıq, hansı amillər və hansı həqiqətlərlə müəyyən olunduğunu bilmirəm. Hər iki ölkə Gürcüstanın strateji tərəfdaşı və qonşusudur. Çalışır ki, hər ikisi ilə münasibətlərini stabil və neytral saxlasın. Bizim təşkilatlar və siyasətçilər bəzən Gürcüstanın erməni əsilli siyasətçiləri haqda çıxışlar edirlər. İndi bununla bağlı faktlar olmadığına görə, buna heç bir fikir bildirə bilmərəm.
- Bəs sadə gürcülərin oradakı soydaşlarımıza münasibət necədir?
- Müasir və intellektual gənclik anlayır ki, Gürcüstanda yaşayan etnik azlıqlara hörmətlə yanaşılmalıdır, onların hüquqları bu ölkənin konstitusiyası ilə qorunur, onlar Gürcüstan vətəndaşlarıdır və onlarla belə davranmaq lazımdır. Amma ümumi olaraq, münasibətlər bir qədər problemlidir. Hətta deyə bilərəm ki, David Qareci (Keçikçidağ) məsələsindən sonra destruktiv radikal qüvvələr və qruplarda nifrət bir qədər artmışdı. Onlar tərəfindən belə çıxışlar edilirdi. Bu baxımdan, təkcə azərbaycanlılara yox, bütün etnik azlıqlara qarşı münasibətin bir qədər problemli olduğunu deyə bilərəm. Çünki gürcülər milli mənsubiyyət məsələsində çox həssasdırlar. Bunun da səbəbləri var. Tarixən böyük dövlətlərin Gürcüstana hücumlarını bura aid etmək olar.
Onlarda gürcü mədəniyyətinin itirilməsi qorxusu var. Amma bu qorxunun yanlış olduğunu düşünürəm. Gürcü xalqı öz dinlərinin, mədəniyyətlərinin itirilməsindən qorxmamalıdır. Elə düşünməsinlər ki, onlar bu ölkədəki etnik azlıqlara hörmət etsələr, onların mədəniyyətlərini qorusalar gürcü mədəniyyəti yox olacaq. Bu belə deyil. Gürcü mədəniyyəti zəngindir, onun nə vaxtsa məhv olacağına, gürcü xalqının yoxa çıxacağına inanmıram.
- Ara-sıra Gürcüstanda yaşayan ermənilərlə soydaşlarımız arasında mübahisə və qarşıdurmaların yaranması haqda məlumat yayılır. İndi durum necədir?
- Sadəcə olaraq, Qarabağdakı müharibə vaxtı gənclər arasında müəyyən xoşgəlməz hallar olmuşdu, bir-birini təhqir etmişdilər. Ermənilər və azərbaycanlılar arasında məsafə məsələsi var. Azərbaycanlılar Kvemo Kartlidə, ermənilər də Cavaxetiyada yaşayırlar. Bəlkə də, məsafənin uzaq olması daha yaxşıdır. Ola bilsin ki, bir-birinə yaxın olsaydılar, Qarabağ müharibəsi vaxtı ciddi problemlər yarana bilərdi. Həqiqətən də müharibə davam etdiyi vaxt icmalar arasında bir-birinə qarşı nifrət toxumu səpmək, bir-birini təhqir etmək halları vardı. Müəyyən məqamlarda təkcə ermənilər və azərbaycanlılar yox, digər etniklər arasında da belə olaylar yaşanır. Məsələn, iki il əvvəl Tiflisdə bir kürdü etnik zəmində öldürmüşdülər.
Deyə bilərəm ki, müharibədən sonra münasibətlər bir qədər soyuyub. Müharibədən əvvəl Gürcüstan vətəndaşı olaraq, müəyyən gənclər arasında kiçik bir körpü yaranmışdı. Amma müharibədən sonra münasibətlər gərginləşdi. Bununla belə, liberal düşüncəli gənclər var ki, Gürcüstan vətəndaşları kimi davranmağı üstün tuturlar. Ümumiyyətlə, nifrətlə nəyə nail olmaq olar? Artıq bu düşmənçiliyə son qoyulmalıdır, bunu hər iki tərəf eyni vaxtda istəməlidir.
- Eks-prezident Mixail Saakaşvilinin soydaşlarımızarasındakı populyarlığı nədən qaynaqlanır? Səhv etmirəmsə, hətta son seçkilərdə də, Saakaşvilinin partiyasından olan namizədə səs vermişdilər.
- Çökmüş Gürcüstanı dirçəltdiyinə görə, bütün xalqlar Saakaşviliyə hörmət edirdilər. Eyni zamanda, onun dövründə - 2006-cı ildə etnik azlıqlarla bağlı konvensiya qəbul olundu. Bu, böyük bir addım idi, Gürcüstandakı etnik azlıqların hüquqları yüksək səviyyədə qorunurdu. Ümumiyyətlə, bunu bütün Gürcüstan vətəndaşlarına şamil etmək olardı. Əlbəttə, sonralar insanlar haqlarının pozulması, söz azadlığının məhdudlaşdırılması halları qeydə alınmağa başladı.
Qamsaxurdiya və Şevardnadze dövründə xoşagəlməz hallar baş vermişdi. Hələ də iki xalq arasında səmimi dostluq yarana bilməyib. Şeverdnadze dövründə özbaşnalıq idi, etnik azlıqlara hörmət olunmurdu. Saakaşvili dönəmində isə milli və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqları bərabərləşdirildi. Buna görə də, Saakaşvili xalq üçün bir fenomenə çevrilmişdi.
- Saakaşvilidən söz düşmüşkən, gürcü cəmiyyəti niyə onun partiyasından olan namizədlərə səs vermir?
- Artıq Gürcüstan hakimiyyəti bir diktatura rejiminə çevrilib. Bir çox qüvvələr var ki, belə bir rejim onlara sərf edir. Belə olanda özlərini daha rahat hiss edirlər, zəiflər üzərində öz güclərini sınaya, göstərə bilirlər. Bu fonda da, Saakaşvilinin komandasının gücü zəifləyib. Başqa bir məsələ də var. 2011-2012-ci illərdə Gürcüstan həbsxanalarında məhbuslara qarşı baş verən hadisələr Saakaşvilini bir lider kimi bitirdi.
Artıq Gürcüstanda yeni bir sistem qurulmalıdır. Əlbəttə, Şevardnadzedən sonra Saakaşvili islahatlar həyata keçirdi, inqilabi dəyişiklik baş verdi, ölkədə dirçəliş başladı. Amma bununla yanaşı insan haqlarının pozulması, söz azadlığının məhdudlaşdırılması, məhbuslara işgəncələrin verilməsi kimi hallar da yaşanırdı. Bunlar insanlığa qarşı edilmiş böyük təhqir idi. Bundan sonra bir sistem gəldi, əvvəldə söz azadlığına üstünlük verildi, insanlar haqları qorundu, amma sonra yenə bu yöndə problemlər ortaya çıxmağa başladı. Göründüyü kimi, hər iki sistem problemli idi.
- Azərbaycan ordusunun Ermənistan üzərində qazandığı qələbə Gürcüstan cəmiyyətində hansı təəssüratı oyatdı?
- Ermənistan üzərindəki qələbədən sonra Azərbaycan Gürcüstanda güclü dövlət kimi görünməyə başladı. Bu qələbə Azərbaycana yeni çalar qazandırdı, yeni münasibət formalaşdırdı.
- Sanki Tiflis Abxaziya və Cənubi Osetiya məsələlərinin həllində o qədər də fəal görünmür. Bu belədirmi?
- Tiflisin bu məsələlərin həllinə biganə yanaşdığını düşünmürəm. Bu məsələlər hər gün Gürcüstan mediasında və siyasi gündəmində müzakirə olunur. Gürcüstanın Rusiya kimi böyük bir işğalçı qonşusu var. Buna baxmayaraq, bu məsələ istər daxili siyasətdə, istərsə də beynəlxalq arenada daim Tiflis tərəfindən gündəmdə saxlanılır. Rusiya Gürcüstana qarşı güclü təbliğat aparır. Gürcüstan Xarici İşlər Nazirliyi bunun qarşısını almaq üçün önəmli addımlar atır. Rusiya kimi hegemon, güclü və işğalçı bir dövlətlə qonşu və düşmən olmaq o qədər də asan məsələ deyil. Yəni proses davam edir.
İctimai fəal kimi, Gürcüstandakı diktatura rejimini Rusiya ilə yaxın münasibətlərdə olmasına görə qınayırıq. İki əvvəl iyun ayında “Qavrilov gecəsi” adıyla Gürcüstan tarixinə yazılan olaylarda Rusiya nümayəndəsinin parlamentdə spikerin yerində – ölkənin ali kürsüsündə oturması, Gürcüstan üçün təhqir idi. Bundan sonra Poznerin dincəlmək üçün Tiflisə gəlməsi Gürcüstana görə, xoşagəlməz haldır. Bunlar indiki hakimiyyətin rusiyönümlü olmasından irəli gəlir. Gürcüstanda təkcə hakimiyyət yox, kilsə də rusiyayönümlüdür. Onlar hesab edirlər ki, Rusiya ilə yaxın münasibət qursalar, əraziləri qaytarmaq olar. Əslində, bu, Rusiyanın apardığı təbliğatın bir hissəsidir. Bu təbliğatın təlqin etdiyi əsas tezis də budur ki, Gürcüstan Qərbə inteqrasiya etməməlidir, Avropaya intqrasiya milli-mənəvi irsin məhvi deməkdir. İndi Gürcüstan hakimiyyəti bu təbliğatla məşğul olduğu üçün bu proses bir qədər ləng gedir.