16 Sentyabr 2021 20:13
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Teleqraf.com-un suallarını cavablandırıb

Onunla müsahibəni təqdim edirik:

- Bahar xanım, erməni tərəfi sülh prosesini uzatmağa, konkret addımlar atmaqdan boyun qaçırmağa çalışır. Onların bu düşüncələrinin arxasında hansı məqsəd dayanır?

- Doğrusu, qarşı tərəfin bugünkü davranışını birmənalı qiymətləndirmək mümkün deyil. Çünki ölkə daxilindəki gərgin vəziyyət, ondan bir oyuncaq kimi istifadə edən dairələrin tələbləri, açıq, gizlin verilən “vədlər" rəsmi İrəvanı bir-birinə zidd açıqlamalar verməyə vadar edir. Bu da açıq aşkar görünür. 44 günlük müharibədən sonra məcburiyyət qarşısında üçtərəfli müqaviləni imzalayan, kommunikasiyaların açılması və münasibətlərin normallaşmasına qədər olan proseslərə hazır olduğunu imzası ilə təsdiq edən Paşinyan hökuməti qeyri-adekvat bir tərz sərgiləyir.

Amma Ermənistanda hər kəs artıq dərk etməlidir ki, problemləri bir kənara qoyub öhdəlikləri yerinə yetirmək lazımdır. Əks təqdirdə 44 günlük müharibəni uğurla başa vuran Dəmir Yumruq yenə də öz işini görə bilər.

- Erməni tərəfinin yeni müharibə ehtimalları ilə bağlı fikirləri necə şərh oluna bilər?

- Mən bu fikirləri şərh etməyə hec lüzum belə görmürəm. Çünki yeni müharibə ehtimalları və yaxud da ki, vəziyyəti əvvəlki kimi 10 illiklərlə uzatmaq niyyəti ilə atılacaq addımlar Ermənistan ücün ölümə bərabər ola bilər.

- Regiondakı yeni reallıq hansı şərtləri diktə edir?

- Azərbaycan və Türkiyənin yaratmış olduğu yeni reallıqlar təkcə münaqişənin həllinə deyil, həm də region ölkələrinin sülh, dostluq, qarşılıqlı yardım şəraitində inkişafına xidmət edən şərtləri önə çıxarıb. Və hər bir subyektdən də onun faydalarını doğru-düzgün hesablamağı və siyasətləri də buna uyğun qurmağı tələb edir.

- Sizcə, erməni cəmiyyəti “cənnət nağılları”, “miatsum hərəkatı”, “qədim xalq” və.s kimi yanlış illuziyalardan qurtula biləcəkmi?

- Bunun ücün ilk növbədə hazırkı vəziyyət həm hüquqi, həm də real nəticələrə uyğun dəyərləndirilməlidir. Həmçinin parçalanmış vəziyyətdə olan cəmiyyəti psixoz halına gətirən, mif və nağıllarla erməni xalqının beynini zəhərləyən, “ən qədim xalq”, “qeyri adi istedad” və “mədəniyyət daşıyıcıları” olduğuna inanmağa vadar edən absurd ideologiya və başabəla siyasətçilərdən qurtulmaq lazım gələcək. Gəlin görək onlar buna nə dərəcədə hazırdırlar? Bəla da burasındadır ki, nə erməni xalqına, nə də cəmiyyətinə bunu dərk edib, qəbul etməsinə imkan tanımayanlar daha çox canfəşanlıq edirlər.

- Bu hallara qarşı hansı adekvat addımları və təsiredici vasitələri vacib hesab edirsiniz?

- Çox təəssüf ki, 44 günlük müharibənin nəticələrindən dərs almayanlar özlərini və Ermənistan da daxil olmaqla regionu yeni avantüralara sürükləmək istəyirlər. Əgər belə olmasaydı, absurd fikirlər, xəyallar, revanşist duyğular yenidən erməni cəmiyyətinin beyninə yeridilməzdi.

Beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər də bu kimi məsələlərdə Ermənistanı zərərli qidalandırmadan geri çəkilməlidirlər. Bunun verə biləcəyi çox ağır fəsadları nəzərə almalıdırlar. Beynəlxalq erməniçiliyi təbliğ edənlər və ermənilərin özləri “cənnət” arzusu ilə bir zaman yerləşdikləri regionu cəhənnəmə sürükləmək kimi cinayətkar əməllərdən əl çəkməlidirlər.

Bu məsələdə bütün tərəflər reallığı düzgün dəyərləndirməlidir. Hansısa arzuların reallaşacağı ilə bağlı “ümidlər”in artıq suya düşdüyünü daha çox Ermənistan rəsmiləri anlamalıdır. Hər halda bu ölkənin və oradakı insanların taleyinə rəsmi siyasəti icra edən şəxslər cavabdehdir. Onlar real olmalıdır. Qeyri-real “çağırış” və “vədlərin” ardınca getməkdənsə, onlara uzanan sülh və əməkdaşlıq əlini tutmalı və regionda təhlükəsizliyin formalaşmasına töhfə verməlidirlər.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər