"Soçi görüşündə Azərbaycan və Ermənistan liderləri arasında sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı bir sıra məqamlar razılaşdırıla bilər”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti məlumat yayıb.
Qəzet liderlərin Soçi görüşündən sonra - dekabrın 15-də Avropa İttifaqı şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşəcəyini bildirib:
“Bu görüş ərəfəsində məlum oldu ki, noyabrın 26-da liderlərin Soçidə təşəbbüskarı Rusiya prezidenti olan üçtərəfli görüş baş tutacaq.
Məlumat var ki, Soçidə tərəflər delimitasiya və demarkasiya üzrə müvafiq komissiyanın yaradılması ilə bağlı ilkin razılığa gəliblər. Yeri gəlmişkən, bunu mətbuat konfransı zamanı Nikol Paşinyan da təsdiqləyib.
İmzalanacaq potensial sənəddə qeyd olunacaq ki, Ermənistan və Azərbaycan komissiya formalaşdıraraq delimitasiya və demarkasiya üzərində işləməyə başlayırlar.
Mənbələrimizin məlumatına görə, bu günlərdə Nikol Paşinyan komissiyaya daxil ediləcək şəxslərin ilkin siyahısını artıq hazırlayıb və dekabrın 15-dək adlar rəsmən açıqlanacaq. Əslində, ekspert dairələrinin fikrincə, bu Brüssel görüşü əsasən protokol xarakteri daşıyacaq, çünki əsas məsələlər Soçidə həll olunacaq”.