Politoloq Oqtay Qasımov Qazaxıstanda baş verənlər və gözləntilərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Oqtay bəy, Qazaxıstanda baş verən etiraz aksiyaları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ölkəyə sülhməramlı göndərməsi ilə nəticələnib. Sizcə, Rusiya liderliyində əcnəbi ordunun ölkəyə daxil olması ilə proses yekunlaşırmı?
- Ümumi anlamda götürsək proses başa çatmaq üzrədir. Amma Qazaxıstanda olan ziddiyyətlər hələ davam edəcək. Hesab edirəm ki, bu prosesin həyata keçməsində, daha doğrusu Qazaxıstanın qarışdırılması fonunda Rusiyanın bu ölkəyə nəzarəti ələ alması baş verdi. KTMT adı altında rus ordusu bu ölkəyə yeridilərək onu nəzarətə almaq işi həyata keçirildi. Artıq Qazaxıstanda rus əsgəri var. Amma Qazaxıstanda daxili məsələlər, problemlər qalmaqdadır və onların həlli xeyli zaman aparacaq.
- Bəzi iddialara görə, əslində Qazaxıstanda baş verənlər Nazarbayev-Tokayev qarşıdurmasının nəticəsi olaraq meydana çıxıb. Bu nə dərəcədə əsaslı arqumentdir?
- Bu, faktorlardan biridir. İlkin təəssüratlardan biri odur ki, Tokayev nəzarəti ələ almaq üçün Nazarbayevi prosesdən kənarlaşdırıb, ona bağlı şəxsləri hakimiyyətdən uzaqlaşdırmaq üçün hərəkətə keçib və bunu edərkən də Rusiyanın dəstəyini alıb. İddialara görə MDB-nin sonuncu toplantısı zamanı Rusiya lideri Putin Nazarbayevə təklif edib ki, Qazaxıstan Rusiya-Belarusittifaqına qoşulsun. Amma Nazarbayev bu təklifi qəbul etməyib və Rusiya onu prosesdən kənarlaşdırmaq qərarını verib. Nazarbayev Təhlükəsizlik Şurasının ömürlük sədri olduğu müddətcə ölkədə bir növ ikihakimiyyətlilik hiss olunurdu. Tokayev də Rusiyanın dəstəyini alandan sonra bir həmlə ilə həm Nazarbayevi kənarlaşdırdı, həm də güc strukturlarına özünə bağlı şəxsləri yerləşdirməyə başladı. Bu Qazaxıstanda baş verən hərəkətlərlə bağlı faktorlardan biridir. Amma geniş anlamda baxdıqda, baş verənlər Rusiyanın Qazaxıstanı ələ keçirmək məqsədilə həyata keçirdiyi prosesdir.
- Nazarbayev 32 ildən çoxdur hakimiyyətdə idi və Qazaxıstanın qurucusu hesab olunurdu. Doğurdanmı 32 il hakimiyyətdə olan şəxsin sistemi bir həmlə ilə çökdürülə bilər?
- Hər halda bir neçə gündür ki, Nazarbayev və onun yaxın ətrafı haqqında informasiya yoxdur, onların özləri də hər hansı bir bəyanat və ya açıqlama vermirlər. Amma Nazarbayev 30 ildən çox hakimiyyətdə olub və qazax millətinin milli şüuru və özünüdərk prosesində önəmli rolu olan dövlət xadimidir. Bu baxımdan Nazarbayevin mirası ölkəsində uzunmüddət davam edəcək və tarix Nazarbayevin haqq etdiyi obyektiv qiymətini verəcək. Bu mənada hesab etmirəm ki, məsələ bitib. Əlbəttə, bu müddətdə Nazarbayev 10 minlərlə gənci xarici ölkələrdə təhsil almağa göndərib, sonradan onların hakimiyyət strukturlarında işləməsinə şərait yaradılıb. Bu faktorlar var. Düşünürəm ki, proses davam edəcək.
- Demək istəyirsiniz ki, Nazarbayev hakimiyyət uğrunda mübarizə aparacaq?
- Yox, Nazarbayev həm yaşlaşıb, həm də onun dövrü bitib. Onun 80-dən çox yaşı var, uzun müddət Qazaxıstana rəhbərlik edib. Uzun illər hakimiyyətdə olmaq həm insanın özündə, həmdə cəmiyyətdə psixoloji yorğunluq yaradır. Mən hesab etmirəm ki, Nazarbayev hakimiyyət uğrunda mübarizəyə başlayacaq, amma onun dəsti-xəttini müdafiə edən qüvvələr sözsüz ki, hakimiyyət uğrunda mübarizədən kənarda qalmayacaqlar, onun iştirakçısı olacaqlar.
- Aksiyaçıların arasında silahlı şəxslərin, terrorçuların olmasına dair də fikirlər səsləndirilir. Sizcə, belə silahlı şəxslər etiraz edən mülki insanların içinə necə sızıb, onlar kimlərdir?
- Qazaxıstanın daxili durumunu düzgün araşdırmaq lazımdır. Orada müxtəlif klanlar var, Cənub klanı, Şimal klanı, eləcə də digər klan və qruplar. Hakimiyyətdə də daha çox bu klanların nümayəndələri və qruplar təmsil olunurlar. İddialara görə, bu klan və qruplara hansısa kriminal qruplar, silahlı dəstələr bağlıdır. Münaqişə və xaos yaradılmasında, talanda daha çox onların adları çəkilir. Bu mənada orada məsələ tam fərqlidir və biz məsələyə klanlar, eləcə də regional klanlararası mübarizə prizmasından da baxa bilərik. O ki, qaldı terrorçular məsələsinə, əlbəttə, həmin aksiyalarda kriminal ünsürlər ola bilərdi.
Əgər söhbət Qazaxıstan prezidentinin dediyi kimi beynəlxalq terrorçulardan gedirsə, onda bu fərqli məna daşıyacaq. Bildiyiniz kimi Mərkəzi Asiya Əfqanıstana yaxın bölgədir. Əfqanıstan uzun illərdir ki, dünya tərəfindən terrorizmin mərkəzi hesab olunur. O cümlədəm hələ də BMT-nin terrorçular siyahısında olan Taliban orada hakimiyyətdədir. Ona qarşı da İŞİD-in Xorasan qruplaşması yaradılıb və yayılan məlumatlara görə bu qruplaşmanın Orta Asiyaya təsiri genişlənir, onun arxasında hansısa güclər dayanır. Burada həqiqət var ki, beynəlxalq güclərin ortaya atdığı və maraqlarını təmin etmək üçün həyata keçirdiyi proseslərdə beynəlxalq terrorçular amili olmamış deyil.
Qazaxıstanda da müəyyən radikal qruplar var. Onların bəziləri Suriya və digər orta Şərq ölkələrindəki proseslərə qarışıblar. Qazaxıstan hüquq mühafizə orqanları da onlar haqqında məlumatlıdır. Amma beynəlxalq terrorçu qrupların Qazaxıstanda böyük təsir imkanlarına malik olması mənə inandırıcı gəlmir. Amma belə ifadə və terminlərin səsləndirilməsi məncə,Qazaxıstanda həyata keçirilən beynəlxalq projenin əsaslandırılması üçün ortaya atılan iddialardır.
- Qazaxıstan Prezidenti Tokayev bu gün xalqına müraciətində bəyan edib ki, orduya müqavimət göstərən terrorçu və qanunsuz silahlı dəstələrə xəbərdarlıq etmədən atəş açmaq əmrini verib. Sizcə, bu nəyə xidmət edir?
- Əgər belə qruplaşmalar varsa, Qazaxıstan təhlükəsizlik orqanları onları diqqətdən kənarda saxlaya bilməzlər. Çünki onların varlığı əvvəlcədən bəlli olur. Qazaxıstan prezidenti bu əmrlə iğtişaşlar, dağıntılar törədən qüvvələrə qarşı tədbirlər görməyə və onu əsaslandırmağa çalışır. Hər halda dövlət orqanları tərəfindən açıqlama verilməlidir ki, ölkədə hansı silahlı terrorçu qruplar var. Sözsüz ki, əlinə silah alıb dövlətə qarşı çıxanlar, dövlət idarələrinə hücum edənlər, talanları həyata keçirənlərə qarşı tədbir görülməlidir. Aksiyaçıların beynəlxalq terrorla əlaqəsi olan dəstələr kimi təqdim edilməsi, məncə KTMT adı altında Rusiya qüvvələrinin ölkəyə yerləşdirilməsini əsaslandırmaq üçün istifadə ediləcək.
- Tokayev xalqa müraciətində eyni zamanda fövqəladə hallar vəziyyətinin tədricən götürüləcəyini, internetin bərpa olunacağını bildirdi, müraciətinə Prezident Putinin operativ reaksiya verdiyinə görə təşəkkürünü etdi. Amma Qazaxıstana KTMT adı altında yeridilən rus qoşunları, bunun səbəbi və nə vaxta qədər qalacağı mövzusuna toxunmadı. Sizcə niyə bu barədə xalqa məlumat verilmədi?
- Hesab edirəm ki, Qazaxıstan ordusu və təhlükəsizlik qurumları ölkə daxilində belə qarışıqlığı, çıxışların qarşısını almaq imkanındadır. Ən azı 150 minlik polis, 170 minlik ordu qüvvələri və çoxminlik Təhlükəsizlik qüvvələri var ki, bunlar proseslərin nəzarətdən çıxmaması üçün yetərlidir. Üstəlik ən böyük aksiya Almatıda keçirilib və orada 10 min insandan çox toplaşmayıb. Hesab edirəm ki, Qazaxıstanın daxili imkanları yetirdi ki, prosesin qarşısı alınsın. Bəli, orada klanlararası mübarizə var, ola bilsin ki, müəyyən qüvvələrdən bəziləri onlardan birinin təsirinə düşərək vəzifəsini yerinə yetirməyib.
Ola bilsin ki, prezident hesab edib ki, onun hakimiyyəti nominal hakimiyyətdir və güc strukturları ona tabe olmazlar. Belə iddialar səslənir ki, prezident güc strukturlarına etibar etnmədiyi üçün KTMT-ni ölkəyə dəvət edib. Bunların hamısı cavabını gözləyən suallardır. İndi hamı üçün maraqlıdır ki, KTMT adından Qazaxıstana daxil olan qoşunlar nə zamana qədər orada qalacaq. Məncə Rusiya orada uzunmüddət qalmağı düşünür və oradan çıxmaq istəmir. Çünki son 4-5 ildə Rusiyanın Qazaxıstana qarşı iddiaları açıq şəkildə ortaya qoyulub. Rusiya siyasi elitasının nümayəndələri tərəfindən, o cümlədən son günlər Rusiya Patriarxı Kiril, Dumanın deputatı Nikonov, təxribatçı Jrinovskinin və b. dilindən açıq ərazi iddiaları və təhdidlər, guya Qazaxıstanda rusların hüquqlarının pozulması haqda fikirlər səsləndirilib .
Putinin ötən çıxışlarından birində qeyd edilirdi ki, sovet ittifaq dağıldı və respublikalar Rusiya torpaqlarını götürüb özü ilə apardılar. Bu ifadə o deməkdir ki, Rusiya SSRİ tipində ittifaq qurmaq niyyətindədir. İndi görünən odur ki, Rusiya Qazaxıstanla bağlı istədiyinə çatdı və Qazaxıstan prezidenti də bu prosesin iştirakçısı oldu. Bu səbəbdən KTMT qüvvələrinin orada nə qədər qalacağı və hansı rol oynayacağına dair məlumat verilmir.
Doğrudur, ilkin olaraq 3600 əsgər sayı səsləndirilsə də, sonradan Rusiyada səsləndirilən rəqəm 5000-nin üzərində oldu. Amma Rusiyada hesab edirlər ki, bu saydakı KTMT ordusu Qazaxıstanda üzərinə düşəni yerinə yetirə bilməz. Çünki ölkə çox böyükdür. Bu o deməkdir ki, hərbçilərin sayının artırılması və sonradan hərbi bazaya çevrilməsi ilə bağlı hansısa planlar var. Tokayevin də bu məsələyə toxunmaması göstərir ki, belə məsələlərdə onun yox, Putinin iradəsi əsasdır.