“Rusiya Ukraynaya qarşı açdığı savaşda öz yanlış hesablamalarının və dəyərləndirmələrinin qurbanı oldu. Bu gün həm hərbi, həm siyasi, həm də psixoloji üstünlük Ukraynanın tərəfindədir, amma bu, Rusiyanı daha da aqressivləşdirərək onu Çeçenistanda, ardınca da Suriyada tətbiq etdiyi dağıdıcı müharibə taktikasına keçməyə sürükləyir. Daha doğrusu, həmin taktikaya keçid artıq baş verib. Amma görünən budur ki, həmin taktika da nəinki özünü doğrudur, hətta Rusiya siyasi və hərbi rəhbərliyinin hərbi cinayətlərdə ittiham olunmasına yol açır”.
Politoloq Ərəstun Oruclunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Qarabağda vəziyyət yenidən gərginləşir. Sizcə, bunu kim nə üçün edir? Gərginlik hansı həddə qədər gedə və baş verənlər nə ilə nəticələnə bilər?
- Qarabağda gərginliyin artmasının başlıca səbəbi Rusiya sülhməramlılarının üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməməsidir, bu da yeni hal deyil. Sadəcə Rusiya tərəfi indi özünün ümumi problemləri fonunda dünyaya güc nümayiş etdirmək cəhdlərini dəvam etdirir və görünür, Ukraynada əldə edə bilmədiyi nəticəni başqa bir bölgədə, konkret halda Cənubi Qafqazda qazanmaq istəyir. Bunun üçün də həm imkanları, həm də geosiyasi maraqları baxımından Azərbaycanı seçib.
Ukraynadakı iflasdan sonra Rusiya təkcə təcrid olunmayıb, həm də yeganə arqumenti olan “güclü ordu” mifi dağıdılıb. İndi həmin mifi bərpa etmək lazımdır və ona görə də Rusiya Qarabağda gərginliyi artıraraq bir növ 2008-ci ildəki Gürcüstan ssenarisinin tətbiqinə bəhanə axtarır. Xatırladım ki, o zaman Rusiya Cənubi Osetiyadakı sülhməramlılarını qorumaq adı altında Gürcüstana qarşı “sülhə məcbur etmə” əməliyyatı və ya ümumi qəbul olunmuş terminologiya ilə desək, işğalçı münaribə başlatmışdı.
Amma məsələ burasındadır ki, belə ssenarini indi Azərbaycana tətbiq etmək elə də asan deyil. Əgər Moskvada bunun asan olacağına əminlik olsaydı, ona adi bir təxribat vasitəsilə start verərdilər. Ona görə də Moskva Qarabağda gərginliyi artırmaq yolunu tutub ki, bu da onun Azərbaycana qarşı hibrid planının tərkib hissəsi ola bilər.
Hibrid planın əsas elementlərindən digərləri “5-ci kolon” vasitəsilə Azərbaycanın daxilində gərginlik yaratmaq, ölkəmizin neft-qaz infrastrukturunu hədəfə almaq, bizə qarşı informasiya müharibəsi açmaq və sair ola bilər. Yəni sırf müharibə başlatmaq ehtimalı olsa da, onun ayrıca, əsas metod kimi tətbiqi inandırıcı deyil.
- Prosesdə diqqətçəkən məqamlardan biri də ABŞ və bir sıra Avropa dövlətlərinin Qarabağ məsələsində Rusiya ilə eyni mövqedən çıxış etməsidir. Bura qədər aralarında fikir ayrılıqları olan tərəflər necə olur ki, məsələ Qarabağa gəldikdə eyni mövqedən çıxış edə bilirlər? Rusiyanı anladıq, bəs Qərb niyə Gürcüstan, Moldova və Ukrayna ilə müqayisədə bizə fərq qoyur? Düzdür, bu haqda çox danışılıb, amma sizin də fikriniz maraqlıdır.
- Əvvəla, zahirən belə görünsə də mövqelərin eyni olduğunu deməzdim, çünki ən azı motivlər fərqlidir. Hələlik biz Rusiyanın motivi haqda danışdıq, amma Qərb ölkələrinin də öz motivləri var. Məsələn, 44 günlük müharibədən sonra itirdikləri ATƏT-in Minsk qrupu formatını bərpa edərək bölgədə aktiv təmsil olunmağın yolunu axtarırlar. İkincisi, heç Qərb ölkələrinin də hamısının motivləri eyni deyil. Məsələn, ABŞ-la Fransanı götürək... ABŞ daha çox Rusiyanın “ikinci cəbhə” açmasının qarşısını almağa çalışırsa, Fransa hökuməti bunu daha çox qarşıdan gələn seçkilərdə erməni elektoratın səslərini qazanmaq məqsədilə edir.
ABŞ Rusiyanın Ukraynaya təcavüzünə qarşı pərakəndə Qərb dünyasını toparlaya bilmək gücündə olduğunu isbat etdi, Fransa isə müstəqil dünya gücü olduğunu ortaya qoymağa cəhd edir. Ümumilikdə isə Qərb ölkələrinin siyasətində ermənilərə rəğbət tendensiyaları var, bu, hər zaman olub, indi də biz bunun təzahürlərini görürük.
- Rusiya Ukraynadakı hədəflərinə çata bilmir, işğalın başlamasından bir aydan çox vaxt keçir, amma rus ordusu hələ də Putinin hədəflərinin həndəvərində dolaşır. Gedişatı necə dəyərləndirirsiniz, müharibə hansı nəticələrlə yekunlaşa bilər?
- Rusiya Ukraynaya qarşı açdığı savaşda öz yanlış hesablamalarının və dəyərləndirmələrinin qurbanı oldu. Bu gün həm hərbi, həm siyasi, həm də psixoloji üstünlük Ukraynanın tərəfindədir, amma bu, Rusiyanı daha da aqressivləşdirərək onu Çeçenistanda, ardınca da Suriyada tətbiq etdiyi dağıdıcı müharibə taktikasına keçməyə sürükləyir. Daha doğrusu, həmin taktikaya keçid artıq baş verib. Amma görünən budur ki, həmin taktika nəinki özünü doğruldur, hətta Rusiya siyasi və hərbi rəhbərliyinin hərbi cinayətlərdə ittiham olunmasına yol açır.
Arxada qalan bir ayın Rusiya üçün ən ağır nəticəsi isə canlı qüvvə və texnika itkiləridir. Bütün bunlar Moskva kabinetlərində siyasi hərarəti artırır ki, bu da Putindən vəziyyətdən çıxmaq yollarını axtarmağı tələb edir. İndi zaman Putinin və Rusiyanın əleyhinə işləyir və arxada qalan hər gün onları sürətlə fəlakətə yaxınlaşdırır. Belə görünür ki, Putin yaxın günlərdə danışıqların sürətləndirilməsinə çalışacaq və həmin danışıqlarda ilk növbədə atəşkəs əldə olunmasına nail olmağa cəhd edəcək. Bu da Rusiyaya nəzarətində olan Ukrayna ərazsisini mübadilə predmeti kimi istifadə etmək imkanı yaradacaq.
Amma eyni zamanda, müharibənin davamı da mümkündür ki, bu halda ona digər ölkələrin - Belarusun, Polşanın və Baltikyanı ölkələrdən hansılarınsa cəlb olunacağı istisna deyil. Bu halda biz Rusiya-NATO müharibəsindən və ya elə Üçüncü Dünya Müharibəsindən danışa bilərik. Amma bu ehtimal çox deyil.
- Polşa və Baltikyanı dövlətlərdə də işğal narahatlığı hiss olunur. Eləcə də Moskva Kuril məsələsi ilə bağlı Tokio ilə danışıqları dayandırdı. Qarabağdakı son durum məlumdur, Abxaziya və Cənubi Osetiyadan da müəyyən siqnallar gəlir. Nə düşünürsünüz: Rusiya müharibə cəbhəsini genişləndirə bilərmi?
- Rusiya bu gün öz geosiyasi rəqiblərini elə məhz müharibə coğrafiyasını genişləndirə biləcəyi ilə təhdid etməkdədir. Təhdid kimi bu, bəlkə də hansısa siyasi-diplomatok nəticələrə gətirib çıxara bilər, amma real hərbi-siyasi addım olaraq Rusiyanın dövlət kimi iflasına səbəb olardı. Hələlik görünən məhz təhdidlərdir, amma onlarla kiminsə hesablaşacağı inandırıcı görünmür. Xüsusilə də Rusiyanın Ukraynaya qarşı açdığı işğalçı savaşda hər kəsə bəlli olan iflası fonunda. İki və ya üç cəbhədə müharibə aparmaq üçün Rusiyanın nə hərbi, hə iqtisadi, nə də texnoloji imkanları var.
- Bu arada, ABŞ və İngiltərə kəşfiyyatından mediaya sızıdırılan məlumatlar da diqqət çəkir. İddiaya görə, dünya nüvə müharibəsinə heç vaxt olmadığı qədər yaxındır. Siz bunu real hesab edirsinizmi?
- Bu, yalnız bir halda mümkün ola bilər: Rusiya bu silaha ilk olaraq əl atarsa... Amma bunun da reallaşdırma mexanizmləri təsəvvür edildiyi qədər asan deyil. Əgər Putin nüvə silahının tətbiqinə qərar verirsə və Baş Qərargah buna qarşıdırsa, o zaman dərin daxili ziddiyyət yaranmış olar ki, bu da ən ağır qarşıdurmalara qədər inkişaf edə bilər.
Nüvə müharibəsi yalnız bir halda mümkün ola bilər: Putin ordunu tam nəzarətinə götürür və onun səlahiyyətlərini (o cümlədən nüvə silahının tətbiqi ilə bağlı səlahiyyətlərini) mənimsəyərək təkbaşına həmin qərarı verir. Bu, yalnız nəzəri baxımdan mümkündür, praktiki olaraq isə çox çətindir.