3 İyun 2022 17:19
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan həmişə olduğu kimi yenə də mühüm əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi edir. İyun ayının 1-də Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi oldu. Pandemiya səbəbindən bu tədbir 2 il idi ki, keçirilə bilmirdi. Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə uğur qazanan, əhalinin peyvəndlənməsini vaxtında həyata keçirən ölkə kimi belə bir mötəbər tədbirin keçirilməsini təmin edib.

Bunu Teleqraf.com-a Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

O qeyd edib ki, ölkəmiz artıq böyük platformaların, tədbirlərin ev sahibi kimi dünyada tanınır:

“Təkcə bu tədbir isə ayrı-ayrılıqda 3 layihəni özündə ehtiva edir. Prezident İlham Əliyev bu mötəbər tədbirdəki çıxışında ölkəmizin enerji təhlükəsizliyi sahəsində qazandığı uğurları diqqətə çatdırıb. Bununla yanaşı, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın həyata keçirdiyi layihələrə və gələcək perspektivlərə xüsusi diqqət çəkib. Ölkəmiz müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb. Bu amil daxili bazarda tələbatı tam təmin etməyə imkan verib. Azərbaycan həmçinin digər ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır”.

Millət vəkili Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsindən bəhs edib:

“Azərbaycan öz tərəfdaşları ilə Cənub Qaz Dəhlizinin genişlənməsinə nail olub. Layihə “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Cəmi bir il beş aydır ki, Azərbaycan yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac edib. Bu il gözlənilən rəqəmin 24 milyard kubmetr həcmində olması proqnozlaşdırılır”.

Tamam Cəfərova əlavə edib ki, Cənub Qaz Dəhlizinin icrası ilə bağlı Azərbaycan boru kəməri ərazisindən keçən ölkələrlə, beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq qurub:

“Cənub Qaz Dəhlizin Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik toplantısı həmin komanda işinin bariz nümunəsidir. Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı keçirildiyi zaman bəlli oldu ki, planlarımızın ən böyük hissəsi artıq icra olunub və Cənub Qaz Dəhlizi artıq işləyir. Bütün bunlar Azərbaycanın enerji təhlükəsizliyi sahəsində aparıcı dövlətlərdən biri olduğunun bariz örnəyidir. Bu istiqamətdə ölkəmizin qazandığı uğurlar günü-gündən artmaqdadır. Nəticə etibarilə, bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol daha da əhəmiyyət qazanır”.


Müəllif: Tapdıq Qurbanlı