19 Yanvar 2023 21:26
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfindən Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün istək ifadə olunur. Amma bununla bağlı konkret addımlar atılmır. Burada digər problem Ermənistanın sülh müqaviləsinə əsassız şərtlər qoşmasıdır. Əlavə olaraq Ermənistan kontitusiyasında həm keçmiş “Dağlıq Qarabağ” ifadəsi, həm də Naxçıvanın Ermənistan “ərazisi” olduğu iddiaları yer alıb. Ona görə də, erməni tərəfi Azərbaycanla sülh müqaviləsi bağlasa belə Ermənistan konstitusiya məhkəməsi bunu əsas gətirərək, sülh müqaviləsini təsdiqləməyəcək. Bu baxımdan Ermənistanın sülh müqaviləsini bağlayıb onu təsdiqləmək üçün keçəcəyi uzun bir yol var. Sadəcə olaraq Ermənistan bu istiqamətdə heç bir addım atmır.

Bunu Teleqraf.com-a Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.

O hesab edir ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış razılaşmaya görə, Azərbaycanın Qərb rayonları ilə Naxçıvana dəhlizin açılmasını təmin etməli idi: “Ermənistan bu günə qədər bu prosesin irəliləməsi üçün heç bir addım atmayıb. Bunu müxtəlif bəhanələrlə yubatmaq niyyəti var. Ermənistanın baş naziri isə açıqlama verir ki, Azərbaycanla Rusiyanın təklif etdiyi şərtlər daxilində sülh bağlamağa hazırdır. Ötən gün isə Nikol Paşinyan Praqa danışıqları əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Bütün bunlar isə məhz o fakta əsaslanır ki, Ermənistan mümkün qədər prosesdə vaxt udsun. Ona müxtəlif ölkələrdən silahlar verilir. Hindistan hərbçilərinin erməni əsgərlərinə təlim keçməsi ilə bağlı xəbərlər yayılır. Bu baxımdan Ermənistanın sülhə yox, müharibəyə hazırlaşdığı qənaəti formalaşır”.

Partiya sədrinə görə, Azərbaycan Ermənistanın davranışları fonunda bütün addımlara adekvat hazırlıqlar görür: “Ermənistan hərbi müstəvidə atacağı addımlara bu ölkənin bütün hərbi strukturunun sıradan çıxarılması ilə nəticələnən cavab verilə bilər. Burada beynəlxalq təşkilatların da davranışları diqqətdən yayınmır. Bu mənada Avropa Komissiyasının Ermənistana 200 nəfərdən ibarət missiya göndərməsi sülh prosesinə maneəçilik törədən bir addımdır. Onların məqsədi Ermənistanı qorumaqdır. Amma bunun müqabilində Ermənistan təxribatlardan əl çəkmir. Ermənistana bu məsələdə hələ də Avropa Komisiyası, ATƏT və Rusiyadan yardım edilir. Bunlar isə qəbuledilməzdir”.

Razi Nurullayevin fikrincə, Ermənistana göndərilən missiya prosesdə ona vaxt qazanmaq üçün imkanlar yaradır: “Eyni zamanda Qarabağa qanunsuz olaraq gəlmiş separatçı Ruben Vardanyanla bağlı Azərbaycan tərəfindən cinayət işi açılmaqla onun həbsi məsələsi üçün İnterpola müraciət edilməlidir. Bu əslində tez bir zamanda olunmalıdır. Çünki Vardanyan bilməlidir ki, Azərbaycan onun həbsinə, cəzalanmasına çalışır. Azərbaycan ərazisində o, qanunsuz olaraq əlini-qolunu sallayıb gəzə bilməz”.

Deputat bildirib ki, indiki şərtlər daxilində Laçın yolunun Vardanyan kimi şəxslərin keçidi üçün açılması arzuolunmaz hal ola bilər: “Hazırda maksimum dərəcədə Vardanyanın həbsinə nail olmaq lazımdır. O, Azərbaycan ərazisindədir. Azərbaycanın aidiyyatı orqanları yaxın zamanlarda bu separatçının həbs edilməsi ilə bağlı addım atmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı