31 Yanvar 2023 19:00
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran indiyə qədər Azərbaycanın ictimai-siyasi fikrində, o cümlədən QHT sektorunda özünə yer etmək üçün çox ciddi gedişlər edib. Yüzlərlə sosial şəbəkə hesabları, ənənəvi televiziya və radio qurumları açılıb ki, bunlar uzun müddət Azərbaycana qarşı yanlış təbliğat aparıblar. Azərbaycan dövlətçiliyini bu yollarla gözdən salmağa çalışıblar.

Bunu Teleqraf.com-a media eksperti Müşfiq Ələsgərli deyib.

O qeyd edib ki, İran özünün siyasi maraqlarını və istəklərini, terrorçu hərəkətlərini din pərdəsi altında edib: “Bunu da guya hansısa dini icmaların istəklərinin ödənilməsi kimi qələmə verib. Amma fakt odur ki, 2020-ci ildə Vətən müharibəsindən sonra İranın davranışları ilə onun istifadə etdiyi "maska” yırtılıb. Bəlli olub ki, İran din pərdəsi adı altında guya Azərbaycan üçün təəssübkeşlik edir. Bunun alt qatlarında isə İran anti-Azərbaycan təbliğatı aparır. Bununla da molla rejimi burada özünün siyasi çevrədə yerləşməsini təmin etməyə çalışıb. Fakt odur ki, İranın bütün bu hərəkətləri II Qarabağ müharibəsindən sonra açıq şəkildə ortaya çıxıb. Eyni zamanda İranın Ermənistana ciddi dəstəyi, öz ordusu və başqa strukturları ilə zəruri köməklik etməsi kimi ciddi faktlar var. Son olaraq isə Xankəndiyə İran muzdlularının göndərilməsi, Azərbaycanın Tehrandakı səfirliyinə qanlı terror hücumu bir daha onu göstərdi ki, fars rejimi ölkəmizə qarşı düşmən mövqeyində dayanıb”.

Media eksperti hesab edir ki, bu günə qədər dini inanc və digər məsələlərə görə İranın təsiri altına düşmüş şəxslər hərəkətlərində korrektələr etməli idi:

“Artıq kimlərinsə deməsi ki, biz aldanmışıq, bilməmişik - kimi bəhanələrə yer qalmayıb”.

Müşfiq Ələsgərliyə görə, İrana qarşı simpatiya bəsləyən sosial şəbəkə hesabları, media qurumları artıq fəaliyyətlərini ciddi şəkildə dəyişməlidir:

“Kimlərsə öz mövqeyində qalırsa, onların hərəkətləri monitorinq olunmalı, fəaliyyətləri araşdırılmalı və barələrində müəyyən ölçü götürülməlidir. Media qurumları, sosial şəbəkə iştirakçıları, QHT təmsilçiləri və siyasi çevrələrdə gizlənmiş agentlərin fəaliyyətləri də nəzərdən keçirilməlidir. Hesab edirik ki, bu proses artıq başlayıb”.


Müəllif: Tapdıq Qurbanlı